"Havanın temperaturu müsbət 41 dərəcəni keçdikdə Əmək Məcəlləsinə görə havanın temperaturunun süni surətdə tənzimlənməsi mümkün olmayan yerlərdə işlər dayandırılmalıdır. Elə işlər var ki, onların axını fərqlidir və dayandırmaq mümkün deyil. Yəni, fasiləsizlik təmin olunmalıdır. Belə halda isə işəgötürən əlavə tədbir görməlidir ki, işçiləri gün vurmasın”. Bu sözləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, bu tədbirlər qanunvericilikdə nəzərdə tutulub: “Eyni zamanda işə götürən qanunvericilikdən kənar da əlavə tədbirlər görə bilər. Məsələn açıq havada olan iş yerlərinin yaxınlığında çətirlər quraşdırmaq, tez-tez işçilərə fasilələr vermək, onları ayran və qazlı su kimi sərinləşdirici içkilərlə təmin etmək, mümkün hallarda, yəni təhlükəsizliyə xələl gətirmədən yüngül geyimlə təmin etmək olar. İşəgötürən işçilərin sağlamlığına zərər verəcək addımlardan çəkinməlidir. Onlar əvvəla işçiyə sosial partnyor kimi baxmalı və işçinin sağlamlığına vura biləcək ziyana görə məsuliyyət daşıyır. O həm də öz məsuliyyətini sığortalamalıdır. Amma hər bir halda məsuliyyət işəgötürənin üzərindədir”.
“Dövlət Əmək Müfəttişliyi Xidməti belə havalarda işəgötürənlərə xəbərdarlıq edir. Amma onların hazırda yoxlama funksiyası yoxdur. Lakin öz işlərini görürlər və şikayətlər olduqda da dərhal reydlər edirlər. Amma hər bir halda əsas olan işəgötürənin vicdanı məsələsidir. İşəgötürən işçisinə qul kimi baxırsa, sosial partnyor kimi baxmırsa, işçiləri təhlükəli havada da işlədəcək",- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə