Zəngilandakı Forum mühüm platforma oldu - SORĞU

Bir neçə gün öncə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” keçirilib. İctimai birliklərdən 200-dək təmsilçinin iştirak etdiyi forumun ikinci günündə "Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları" və "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" mövzularında panel müzakirələr keçirilib. SİA forumun əhəmiyyəti barədə QHT rəsmiləri arasında sorğu keçirib:

Azərbaycan Milli QHT Forumu İctimai Birliyinin İdarə Heyətinin sədri Ramil İskəndərli: “Bildiyimiz kimi, 24-25 iyun 2024-cü il tarixlərində Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” keçirilmişdir. Forum zamanı “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçirilmişdir. Forumun xüsusi özəllikləri də vardır ki, bunlardan da biri, Forumun ilk dəfə olaraq işğaldan azad olunan ərazilərdə keçirilməsidir. Bu məsələ həm simvolik, həm də qanunauyğun xarakter daşıyır. Forumun məhz Zəngilanda, işğaldan azad olunmuş və yeni salınmış, keçmiş məcburi köçkünlərin ilk qayıdışının həyata keçirildiyi ərazilərdə keçirilməsi, QHT-lərin öz fəaliyyət istiqamətlərinin Prezident İlham Əliyev elan etdiyi yeni dövr üçün yeni hədəflər istiqamətində səylərini tərənnüm edir. Məhz bu baxımdan Zənglianda keçirilən əməkdaşlıq forumu vacib əhəmiyyət daşıyırdı.

Forum zamanı QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində konstruktiv və əhəmiyyətli təkliflər səsləndi. Bu baxımdan panel müzakirələri zamanı müxtəlif fikir mübadiləsi aparıldı. Bundan başqa Forumun keçirilmə formatı da işitrakçıların ürəyincə oldu. Hər bir texniki detalların yüksək səviyyədə icrası QHT-lərin produktiv fəaliyyətini şərtləndirdi.

Forumun ikinci günündə işitirakçılar tərəfindən Prezident İlham Əliyevə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti” ünvanladılar. Müraciətdə bir çox məslələrlə yanaşı, beynəlxalq ictimaiyyətin yekdilliklə COP29-a evsahibliyini bu dəfə məhz Azərbaycana həvalə etməsi Sizin dünyanı həmrəyliyə dəvət edən yaşıl enerji siyasətinizə olan böyük hörmət və rəğbəti aydın ifadə etdiyi qeyd olundu.

Son bir neçə ay ərzində COP29-la əlaqədar ümumilikdə 71 ölkədən 367 QHT və ictimai fəalın müxtəlif birgə bəyanatlar verərək Azərbaycanın qlobal iqlim dəyişmələri ilə mübarizəsinə güclü dəstək ifadə etməsi, bu ölkələrdən 62-sinin məhz İEOÖ-lər olması bunun aydın ifadəsidir.

“Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun bədii hissə – konsert proqramı ilə başa çatması və yekunda Zəngəzur yallısı ifa olunması, Zəngilan məscidinə QHT-lərin birgə səfər etməsi, Forumun nəinki rəsmi müzakirə platforması, həmçinin QHT-lərin sosial şəbəkələşmə məkanı olduğunu da sübut etdi. Qubadlıda N saylı hərbi hissəyə səfər və əsgərlərlə birgə vaxtın keçirilməsi, ümumilikdə Forum zamanı əyləncəli tədbirlər proqramının hazırlanaraq yüksək səviyyədə həyata keçirməsi QHT-lərdə xoş təəssüratlar yaratmışdır. Hesab edirəm ki, Forum öz məqsədlərinə çatmış və QHT-lərin yeni dövrün tələblərinə uyğun tranformasiya prosesininin daha effektiv şəkildə həyata keçirilməsinə töhfə vermiş oldu”.

”Yaşıl dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “İyunun 24-25 tarixlərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan rayonundakı Konqres Mərkəzində keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda mən də iştirak etdim. 200-ə yaxın QHT təmsilçilərinin iştirak etdiyi 2 günlük forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında maraqlı çıxışlar və müzakirələr oldu.

Əvvəla, toplantının son 30 ildə Ermənistanın ekoloji terroruna məruz qalmış Oxçuçayın sahilində keçirilməsi dünyaya “biz qayıtdıq və mina terrorunun, ekoloji terrorun nəticələrini aradan qaldıracaq və bu əraziləri yenidən məskunlaşdıracağıq” mesajı idi. 30 il işğala məruz qalmış, haqq səsi eşidilməz olmuş Azərbaycan bu gün nəhəng böyük qayıdış layihəsini həyata keçirir. Zəngilanda əzəmətli məscid, Ermənistanın əyalət şəhərlərində mövcud olmayan Konqres Mərkəzi inşa olunub. Ekoloji layihələrə əsaslanan Ağalı ağıllı kəndi inşa olunub. Ağalıda elektrik avtomobillərini “şarj” edən məntəqə yaradılıb. Rayonun nəqliyyat infrasturukturu yaşıl enerjiyə əsaslanır.

Tədbir çərçivəsində vətəndaş cəmiyyəti fəallarının Qubadlıya, Laçına səfəri maraqlı oldu. Qubadlıda Silahlı Qüvvələr günü ərəfəsində hərbçilərlə görüşdük, onlara bayram sovqatı payladıq. Ordu bayramını qəhrəman əsgərlərimizlə keçirmək, onların sevincinə şərik olmaq gözəl hisslər idi. İki günlük forumun sonunda vətəndaş cəmiyyəti fəallarının Prezident İlham Əliyevə müraciəti qəbul olundu. 44 günlük müharibədən qalib çıxmış Azərbaycanın qarşısında böyük vəzifələr var. Biz Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi ekoloji terrorun nəticələrini aradan qaldırmalı, torpaqlarımız mindan təmizləməli və Qarabağa, Şərqi Zəngəzurda normal həyatı bərpa etməliyik. Bundan başqa dünyanın yaşıl gündəmi qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması, dekarbonizasiya layihələrinin genişləndirilməsidir. Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə beynəlxalq təşəbbüslərə dəstək verir. Ölkəmiz yaşıl enerjiyə keçidi prioritet sahə olaraq qəbul edib. QHT ailəsi dövlət başçısının ölkəmizə beynəlxalq etimadı gücləndirən ekoloji siyasətinə dəstək ifadə etdi. Toplantının sonunda iştirakçılara dibçəkdə əkilmiş zeytun hədiyyə edildi. Bunun rəmzi mənası budur ki, biz ekoloji terrora məruz qalmış meşələrimizi bərpa edəcək, ölkəmizi yaşıllıqlar və uzunömürlülər diyarına çevirəcəyik”.

Tərxis Olunmuş Hərbcilərin Gəncləri Maarifləndirmə İctimai Birliyin sədri Emin Həsənli: “Son dövrlərdə QHT-lər ard-arda ölkəmiz üçün çox əhəmiyyətli addımlar atır. Haqq işimizin beynəlxalq aləmdə tanınması və beynəlxalq təşkilatlarda, dövlətlərdə müdafiə edilməsi, həm də ölkə daxilində şəhid və qazilərlə bağlı tədbirlərin keçirilməsi, işğaldan azad edilmiş ərazilərə tədbirlərin həyata keçirilməsində QHT-lər dövlətimizlə birgə çalışıb.

Noyabr ayında isə ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbir keçiriləcək. Azərbaycan mədəniyyətlərarası, sivilizasiyalarası çağırışa dəstək verir. Eyni zamanda iqlim məsələləri, ekoloji problemləri də hər zaman diqqət mərkəzində saxlayır. Bütün sözügedən məsələlərdə QHT-lər öz töhfəsini verir. Zəngilanda keçirilən tədbir də bunun bir nümunəsidir”.

"Elmi Araşdırmalar" İctimai Birliyinin sədri Telman Qasımov: ““İyun ayının 24-25-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan tədbir Zəngilanda baş tutdu. Konfransda bir sıra mühüm məsələlər müzakirə olundu. Yüksək səviyyədə təşkil edilmiş tədbir ərzində bir neçə panel üzrə mühüm məsələlər müzakirə edildi. Ən çox diqqəti cəlb edən mövzu isə COP29 və yaşıl enerji ilə bağlı məsələlərin müzakirəsi idi. Həmçinin QHT-lərlə bağlı baş tutacaq yeniliklərlə əlaqədar məlumat verildi.

Daha sonra isə Qubadlıya səfərimiz oldu, orada hərbi hissədə əsgərlərlə görüş baş tutdu. Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərimizdə bu cür tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə