"Ana və atanın hisslərindən çox uşağın hissləri nəzərə alınmalıdır" - PSİXOLOQ İZAH ETDİ

"Boşanma istəsək-istəməsək də uşaqlara öz təsirini göstərəcək. Amma bir ailədə şiddət varsa, burada valideyn təhqir olunursa, mənəvi-psixoloji döyülüb, söyülürsə, boşanmaya daha çox üstünlük verilməlidir. Çünki boşanmadan daha az travma alacaq, nəinki belə bir ailədə böyüməkdən. Boşanmanı necə izah edək ki, uşaqlar daha az travma alsınlar?" Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.

Psixoloq bildirib ki, ilk növbədə qarşı tərəfi günahlandırmamaqla, qarşı tərəfi pisləməməklə, qarşı tərəflə münasibətlərini özləri həll etməklə, uşaqları araya qatmadan, uşaqlarla manipulyasiya etmədən izah etmək lazımdır: "Əgər hər hansı valideyn hissləri ilə bacarmırsa, psixoterapiyaya müraciət etmək daha doğru üsul olar, nəinki həmin hissləri uşaqlara keçirmək. Çünki ana nə hiss edirsə, avtomatik olaraq uşaq da onu hiss edir. Burada uşaq düzgün olmayan nəticələrə gələ bilər. Ona görə hər bir halda uşağa izah olunmalıdır ki, baş verənlər niyə baş verir, nə səbəbdən ayrılıblar.

Bir uşaq bir mühitdə böyüyür, bu mühitə öyrəşir, bu mühit onun üçün təhlükəsiz mühitdir. Valideyndən ayrılmaq uşağa uşaqlıqda hər hansı qorxu, təhlükə yarada bilər. Ona görə də bundan sonrakı yaşayışımızın necə olacağı barədə də məlumatlar verilsə, yaxşı olar. Həmçinin əgər uşaq digər valideyni görmək istəyirsə, ona "digər valideyni görəcəksən, onunla istənilən vaxt görüşə biləcəksən" mesajı verilməlidir. Çünki ana və atanın hisslərindən daha çox uşağın hissləri nəzərə alınmalıdır və uşağın daha az travma alması üçün səy göstərilməlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə