Vay, görməmiş halımıza... -FELYETON

O günü getmişdim “zoo” mağazalardan birinə. Gördüm bir dədə-bala həkimə yalvarır ki, nə edirsən, et, bu xamyakı qurtar. Ata həkimə deyirdi ki, bu ölsə, qızım da öləcək. 16-17 yaşda olan qız da gözünün yaşını axıdır, xamyakın ağız-burnundan öpürdü ki, bu, neçə gündür yerindən tərpənmir, yemir-içmir, bəs bu ölsə, mən də öləcəm.

Siçanı görcək, uşaqlığım yadıma düşdü, istədim qaçam bayıra, dedim, ağır ol, gör qız onu necə basıb bağrına, elə bu dəqiqə oradan çıxıb sənin əl-ayağına toxunmayacaq ki... Nə isə, özümü sıxıb durdum.

Ata həkimə israrla: - a kişi, nə bilirsənsə, buna et, dayanma. Bu uşaq gecə bununla birlikdə yatır, birlikdə yeyir, birlikdə içir.

Həkim də sağ olsun, əlindən gələni etdi. Dedi ki, narahat olmayın, ta buna ölüm yoxdur, sağalacaq.

Qız gözünün yaşını sildi, xamyakı öpdü, bağrına basdı, atası da dedi ki, ay bala, inşallah, sağalar, ta ağlama.

Nə isə, mağazadan əlavə dava-dərman alıb getdilər...

Səhərdən bəri ayı armuda baxan kimi bunları seyr edən mən başladım özümü söyüb rüsvay etməyə. Dedim, kül başına, ay görməmiş...

Həqiqətən, biz çox görməmiş olmuşuq. Adam fikirləşəndə bilmir utansın, yoxsa özünə nifrət etsin. Əşi, siçan-siçovul nə idi ki, biz ondan qorxurduq, iyrənirdik? Elə ki, hiss etdik ki, döşəməni gəmirib çıxıb otağa, hoppanırdıq masanın üstünə, ta ki, dədəmiz onu tutub evdən rədd etməyənə kimi. Əgər tuta bildisə, hə, aşağıya enirdik, yox, tuta bilmədisə, əlimizə yaxşı bəhanə keçirdi, ta qalırdıq masanın üstündə, düz gecə dədəmiz tələ qurub, gecə yarısı siçanı tələyə salanadək.

O vaxt nənəmizin taxçası vardı, ora çörəyi dəstələyib yığırdı. Hələ bir də siçan-siçovulu o taxçanın əhatəsində görəndə, nənəyə xəbər verirdik, yazıq arvad bir gün yesir olub təndirdə qonşularla bişirdiyi bir təlis unun çörəyini əzib mal-heyvana verirdi ki, artıq buna siçan dəyib...

Elə nənə də avam imiş ey... Camaat siçan-siçovulla bir qabdan yemək yeyir, qucağından yerə qoymur, onunla yatır, onunla qalxır, dodağından öpür, bizsə bu bədbəxt heyvanı gərəndə göyə qalxır, ruzimizi əzib mal-heyvana verirdik.

Doğrudan da, görməmiş olmuşuq ey... O siçan, bu siçan, o siçovul, bu siçovul, onların əməlinə-taleyinə bax, bunlarınkına bax... Ay dədə, ay nənə, haradasınız, gəlin, görün, sizin bəyənmədiyiniz siçan-siçovul nə qədir-qiymətdə, nə hörmətdədir...

Vay, görməmiş halımıza!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə