"Biznes etikası ilə mənəvi əxlaqi eyniləşdirmək doğru deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

"Biznes etikası ilə mənəvi əxlaqi eyniləşdirmək doğru deyil. Mənəvi əxlaq insanlarda təbii bir mənəvi dəyər göstəricisidir. Onları heç bir halda eyniləşdirmək olmaz". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, mənəvi əxlaq adətən insanın özü ilə doğulur: "Daha sonra onu müəyyən qədər təkmilləşdirmək mümkündür. Mənəvi əxlaqı yaxşı olmayan insan biznes etikasına peşəkar dərəcədə yiyələnə bilər. Amma əslində mənəvi əxlaqı qaydasında olmaya bilər. Başqa sözlə, mənəvi əxlaq daha çox insanın qanında olur. Biznes etikası isə artıq bacarıqdır. Daha çox yumşaq bacarıqların tərkibində olan elementdir.

Biznes etikasının başqa bir adı da işgüzar etikadır. Yəni bu, bilavasitə təsərrüfat fəaliyyəti ilə məşğul olan subyektlərə məxsus olan göstəricidir. Müəyyən davranışlar zamanı tərəf müqabilləri ilə, sifarişçilərlə, təchizatçılarla, əməkdaşlarla, bir-birləri ilə, ümumiyyətlə, münasibətlərdə etik davranışları özündə ehtiva edir. Biznes etikasının hansı səviyyədə olması daha çox mübahisəli məqamlarda, konfliktlərin yarandığı zaman ehtiyac yaranır ki, biznes etikasına əməl olunsun.

Bu zaman müxtəlif faktorlar biznes etikasına təsir göstərir. Bu, insanın mövcud özünün mənəvi-əxlaqi etik davranışları, onun etibarlılıq göstəriciləri, şəffaf olması, eyni zamanda dövlətə olan münasibəti, şəxsi digər keyfiyyətləri və ən əsası isə fəaliyyət göstərdiyi sahə biznes etikasının nə dərəcədə önəmli olmasını şərtləndirir. Yəni elə sahə var ki, bu sahədə biznes etikası digər sahələrlə müqayisədə daha yuxarı səviyyədə olmalıdır. Bu, bilavasitə ciddi layihələrdə biznes etikasına daha çox yüksək göstəricilərinə zərurət yaranır, xidmət sektorunu da buna adi etmək olar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə