“Artıq Ermənistanda ABŞ və Qərbin maraqları üst-üstə düşür” - POLİTOLOQ ŞƏRH ETDİ

“Son zamanlar Cənubi Qafqaz uğrunda mübarizə kəskin xarakter alıb. Artıq Ermənistanda ABŞ və Qərbin maraqları üst-üstə düşür, birlikdə Rusiyanı həmin ərazidən sıxışdırıb çıxarmaq istəyirlər. Ermənistanı da açıq-aşkar buna təhrik edirlər.12-13 iyun tarixində ABŞ Dövlət katibinin müavini Ceyms Obrayn İrəvanda oldu, ABŞ-Ermənistan strateji tərəfdaşlıq konfransının keçirildi və hər cür dəstək verilməsi barədə bəyanatla çıxış etdi. Ardınca 17-19 iyun tarixlərində ABŞ Dövlət katibinin I müavini Riçard Vermanın səfəri baş tutdu. ABŞ rəsmisi idarəetmə haqqında konfrans keçirdi. Bunlar onu göstərir ki, Amerika Ermənistanda geniş işlər aparır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, ABŞ Gürcüstanda son mübarizədə məğlubiyyətə uğradı: “Çünki Gürcüstan “xarici agentlər” haqqında qanununu qəbul etdi. Bu qanunun müzakirəsi zamanı ABŞ, həmçinin Avropa İttifaqı dəfələrlə Gürcüstan hakimiyyətini xəbərdar etdi ki, bu “rus qanunu”nu qəbul etməsin. Əgər bu qanun qəbul olunarsa, ABŞ da, Aİ də Gürcüstana qarşı sanksiya tətbiq edəcək. Gürcüstan hakimiyyəti öz çıxışında bildirdi ki, Rusiyaya qarşı ikinci cəbhənin açılmasına etiraz edirlər və Gürcüstanın da Ukrayna kimi döyüş bölgəsinə çevrilməsini istəmirlər. Bundan sonra ABŞ Gürcüstanda hakim partiya rəhbərliyinə qarşı sanksiya tətbiq etdi. Avropa İttifaqı da Gürcüstanı bu qanunu ləğv etmədiyi təqdirdə şengen vizasını ləğv etmək və maliyyə yardımını dayandırmaqla hədələyir. Yəni, mübarizə demək olar ki başa çatıb. Gürcüstan öz istiqamətini Rusiyayönümlü etdi. Bunun müqabilində isə Rusiyanın gələcəkdə Cənubi Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarılmasını gözləyirlər. Ancaq bu, real deyil. Çünki həmin ərazilərin Gürcüstana qaytarılması üçün bir sıra hüquqi prosedurlar aparılmalıdır”.

“Hazırda görünən odur ki, ABŞ və Avropa İttifaqı Gürcüstanla Rusiyaya məğlub olub. Geriyə Ermənistandakı mübarizə qalır. Ermənistan ciddi cəhdlə Qərbyönümlü siyasət aparır və son bir il yarımdır ki, KTMT-nin tədbirlərində iştirak etmir. Bütün bu proseslərdə ABŞ və Aİ, xüsusilə də Fransa Ermənistana güclü dəstək verir. Fransa son zamanlarda Ermənistanı silahlandırır. Bugünlərdə Ermənistanın xarici işlər naziri Fransanın müdafiə naziri ilə görüşərək yeni silahların alınması ilə bağlı müqavilə imzaladılar. Bu da onu göstərir ki, Ermənistanı silahlandıraraq yeni müharibəyə hazırlayırlar. Bununla da Ermənistan adlı dövlətin mövcudluğu sual altında qala bilər”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə