İtkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan Azərbaycan Respublikasının Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssis heyəti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Dövlət Komissiyasından məlumat verilib.

Eyniləşdirmənin nəticələri ilə bağlı iyunun 25-də Dövlət Komissiyasının İşçi qrupu tərəfindən itkin ailələri ilə görüş təşkil olunub, talelərinə aydınlıq gətirilmiş şəxslər barədə onlara ətraflı məlumat verilərək sualları cavablandırılib.

Hazırda həmin şəxslərin dəfn mərasimlərinin təşkili ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri işlər həyata keçirilir.

Dəfn mərasimləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə