Makronun qarşılaşdığı FİASKO - TƏHLİL

Fransa prezidenti Emmanuel Makronun indi hansı halda və necə bir məğlub durumda olduğunu görmək heç də çətin deyil. Makronun dövrünün başa çatdığı qənaətində olanlar az deyil və onların sırasında tanınmış siyasətçilər və məşhurlar da var. Ələlxüsus, Fransanın keçmiş prezidenti Fransua Ollandın məhz Makron haqqında dedikləri diqqəti cəlb etməyə bilməz. “Fransa prezidenti Emmanuel Makronun hakimiyyəti başa çatıb”, deyən Olland onun öz işini bitirdiyini bəyan etməsi daha böyük marağa səbəb olub.

Makron artıq bitmiş, tükənmiş sayılır

“Gənc Fransa prezidentinin ikinci müddətə seçilməsindən cəmi ikicə il keçsə də, Makron demək olar ki, artıq bitmiş, tükənmiş sayılır və mən bunu düşmənçilik etmədən deyirəm”, - deyə Olland açıq şəkildə bildirib. Ollandın hətta Makronu prezident kimi qəbul belə etmədiyi onun fikirlərində də hiss olunub. “Mən demək istəmirəm ki, onun prezidentliyinin başa çatması, bu, başqa bir şeydir. Ancaq bir müddətdir ki, onun təsəvvür etdiyi şey artıq bitib. Mənim ümumiyyətlə, hesablamağa heç kimim yoxdur, amma bütün bunlar artıq keçmişdə qalıb”, - deyə Olland parlamentə namizədliyini irəli sürdüyü Fransanın mərkəzindəki Correze öz ev departamentində kampaniya apararkən jurnalistlərə bildirib.

Avropa Parlamentinə seçkilərdəki uğursuzluqdan sonra növbədənkənar seçkilər keçiriləcək

Diqqətə çatdıraq ki, bir vaxtlar sorğuların nəticələrinə uyğun olaraq aşağı reytinqdən əziyyət çəkən sosialist Olland 2017-ci il seçkilərində yenidən seçilmək şansı əldə edə bilmədi. Onun keçmiş iqtisadiyyat naziri Emmanuel Makron həm sol, həm də sağda ənənəvi hakim partiyaları sarsıdan sürpriz qələbə əldə etməklə önə çıxmış oldu, prezident kimi fəaliyyətə başladı. Daha sonra, yəni beş ildən sonra, məhz 2022-ci ildə ikinci beş illik müddətə yenidən seçilən Makron elə həmin il parlament seçkilərindən sonra parlamentdəki mütləq çoxluğunu itirdi.

Onu da xatırladaq ki, bəli, Avropa Parlamentinə seçkilərdə uğursuzluğundan sonra Fransada Emmanuel Makronun “Renessans” partiyasının iyunun 30-da özünün çağırdığı növbədənkənar parlament seçkiləri keçiriləcək. Siyahılarına Milli Assambleyadakı fraksiya sədri Marin Le Penin himayədarı, 28 yaşlı Cordan Bardellanın başçılıq etdiyi ifrat sağçı “Milli Rally” partiyası inamla öndə gedir. “Milli Rally”-nin 31,3%-lik nəticəsi Renessansın da daxil olduğu “Besoin d'Avropa” koalisiyasından təxminən iki dəfə yüksəkdir. Unutmaq lazım deyil ki, 2019-cu illə müqayisədə “Milli Rally”-nin dəstəyi təxminən hələ 8% də artıb və o, Avropa Parlamentində təmsilçiliyini 22-dən 30-a da çatdırıb.

Bu hal Fransa prezidenti üçün təkcə pis hal yox, hətta dəhşətli hal kimi qəbul edilməkdədir

Fransa prezidentinin reytinqinin əvvəlkinə nisbətən aşağı düşdüyü də sirr deyil. Hətta 2022-ci ilin yazında ikinci müddətə seçildiyi zamankı aşağı reytinqi ilə belə müqaisəyə gələcək həddə deyil və çox aşağıdır. Makronun olmayan reytinqi hal-hazırda prezidentlik dövrünün ən aşağı səviyyəsindədir. Bu kimi məlumatlar mətbuat səhifələrində belə açıq-aşkar şəkildə qeyd edilir. Məsələn, “Les Echos” qəzetinin dərc etdiyi “Elabe” sosioloji xidmətinin araşdırmasında Makronun reytinqinin aşağı olması yer alıb. Beləliklə, indi artıq diqqətə çatdıraq ki, 2024-cü ilin iyununda Makronun reytinqi 24%-ə qədər düşüb. Hətta sözügedən qəzet xatırladır ki, Makrona olan etimad bütün hakimiyyəti dövrünün ən aşağı səviyyəsindədir. İndi biz də Makronun özünə xatırladırıq ki, bu hal Fransa prezidenti üçün təkcə pis hal yox, hətta dəhşətli hal kimi qəbul edilməkdədir. Bu da onu deməyə əsas verir ki, Makron hakimiyyəti fiasko ilə çoxdan qarşılaşıb və hətta məğlubiyyətinə də hazırdır.

Fransa tarixində ən biabırçı dövlət başçısının sonunun çatdığı barədə fikirlər artıq çoxdandır yayılıb

Sözsüz ki, Makron dövlət başçısı postunu tərk etmək fikrində olmadığını bəyan edir. Amma bu o demək deyil ki, o dövlət başçısı postunu tərk etməyəcək. Çünki həmin postu tərk edib-etməmək ən azından, onun istəyi ilə ölçülmür. Bəli, artıq hər kəs makronun hakimiyyətinin sonu çatdığı qənaətində olduğunu, planlarının da, istəklərinin də puç olduğunu, qarşılaşdığı fiaskonu da açıq şəkildə bildirir. Müsyö Emmanuelin öz müddətini siyasi arenada süni şəkildə uzatmaq niyyəti də göz önündədir. Fransa tarixində ən biabırçı dövlət başçısının sonunun çatdığı barədə fikirlər artıq çoxdandır yayılıb.

Məsələ burasındadır ki, Makron üçün deyilən fiasko təkcə hakimiyyət itkisi kimi qəbul olunmur. Bu məsələdə onun yox dərəcəsində olan reputasiyasının tamamilə məhvindən söhbət gedir. Axı Fransa məhz indiki prezidentin dövründə daha dərin daxili siyasi və iqtisadi böhrana qərq olub. Hər halda, fransızlar çox yaxşı bilirlər ki, məhz Makronun yanlış siyasətinə görə xarici siyasətdə də Fransa üçün bir çox problemlər yaranıb. Onun mahiyyət etibarı ilə Afrikadan qovulduğu düşünülür. Çünki bəzi faktlar belə düşünməyə əsas verir. Məsələn, Niger hərbi hökuməti Fransanın yanacaq istehsalçısı Oranodan dünyanın ən böyük uran mədənlərindən birində işləmək icazəsini ləğv edib. Nigerdə ​​və qonşu Mali və Burkina Fasoda hakimiyyəti ələ keçirən hərbçilər Fransanı bölgədən sıxışdırıb çıxarıb, onlar Rusiya ilə münasibətləri gücləndirirlər. Yəni, Fransanı ümumiyyətlə heçə saymaqdadırlar və artıq nəzərə belə alan yoxdur. Bu da səbəbsiz deyil. Səbəb də odur ki, Fransa məhz Makronun hakimiyyəti dövründə heç nəyə nail ola bilməyib. Xüsusən də, Makronun prezidentliyi dövründə Fransa məhz Rusiya-Ukrayna müharibəsində öz missiyasını yerinə yetirə bilmədiyini hər kəs bilir. Onu da bilir ki, Fransanın öz missiyasını yerinə yetirə bilməməsi həmin ölkə prezindentinin dəyişən mövqeyi ilə, eləcə də Emmanuelin eyni anda iki stulda oturmağa çalışması ilə bağlıdır. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlində Makron Fransası “sülh göyərçini” kimi özünü göstərsə də, sonra “müharibə şahin”i kimi görünməyə başladı. Fransa hərbi qulluqçularının Ukraynaya göndərilməsi mövzusunu xatırlatmaq kifayət edir ki, vəziyyətin nə yerdə olduğu görünsün. Reallıq heç kim üçün sirr olmayıb və ortada olan o idi ki, səs-küy çox olub, amma nəticə sıfır həddində olub.

Uğursuz siyasət, eləcə də simasızlıq sonu getdikcə daha sürətlə yaxınlaşdırıb

Fransanın məhz Azərbaycanın ərazi bütövlüyünün bərpasına Makronun mane olmaq cəhdlərinin uğursuzluğa düçar olması da təəccüblü deyil. Bəli, uğursuz siyasətçi 44 günlük müharibədə bayağı çıxışlar etməklə və dəfələrlə yalan danışmaqla, Azərbaycanı az qala “təcavüzkar” kimi təqdim etməyə çalışmaqla yadda qaldı. 44 günlük müharibədə tarixi qələbəmizdən sonra rəsmi Bakıya da təzyiq etməyə cəhdlər etdiyi zaman da rüsvay oldu. Ötən ilin sentyabrında Qarabağ bölgəsində Azərbaycanın bir günlük antiterror əməliyyatı həyata keçirməsindən və nəticədə Qarabağ xuntasının özünü belə ləğv etdiyini bəyan etməsindən sonra Makron özünün ermənipərəst siyasətinin pik həddini göstərməli və daha çox biablr olmalı olub. Makron nə qədər atılıb düşsə də, həmin o sadalanan əməliyyatlar nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tamamilə bərpa olunub. Rəsmi Paris Azərbaycanın suverenliyini yalnız sözdə tanıyıb, əslində isə erməni separatizmini hər cür dəstəkləyib ki, bütün bunlar, bütün bu uğursuz siyasəti, eləcə də simasızlıq Makronun sonunu getdikcə yaxınlaşdırıb.

Bütün uğursuzluqlarının ardınca, həmçinin, siyasi uçuruma düşmək ərəfəsində olan Makron erməni revanşizminə dəstək verməyə çalışmaqla da öz hökmünü özü vermiş olur. Ermənistanı silahla təmin etməklə, iqtisadi, siyasi dəstək göstərməklə Makronun Fransası rəsmi İrəvanı yeni hərbi avantüraya ruhlandırmağa çalışır ki, bununla da öz sonuna qərar verir. Sözsüz ki, Fransanın dəstəyinə də, köməyinə də Azərbaycanın məhəl qoymaması həm fransızlar, həm də ermənilər üçün çox rüsvayçıdır və bu, artıq erməni-fransız tandeminin fiaskosu sayılır. Bu, bir reallıqdır. Yəqin ki, erməni cəmiyyəti, erməni diasporu da bu reallığı görür və lazımınca “qiymətləndirir”. Daha dəqiq desək, artıq Fransa prezidenti bundan sonra erməni dəstəyinə belə ümid edə bilməz. Yəni, Makron özü də artıq qarşılaşdığı fiaskonu yaxşı görür...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə