Almaniya “Rosneft”-in törəmə şirkətini milliləşdirir..?

Berlin yanacaq təchizatının böyük bir hissəsi üçün ondan asılıdır...

ABŞ-ın Rusiyanın "Rosneft" şirkətinə qarşı yeni sanksiyalarının tətbiqindən sonra Almaniyada Berlinin yanacaq tədarükünün böyük bir hissəsini təmin etdiyi əsas Şvedte neft emalı zavodu da daxil olmaqla, onun Almaniyadakı törəmə müəssisəsinin milliləşdirilməsi ilə bağlı müzakirələr yenidən canlanıb. Bu barədə danışıqlardan xəbərdar olan iki mənbə məlumat verib.

SİA xəbər verir ki, bu barədə Reuters yazır.

ABŞ Maliyyə Nazirliyi əvvəllər "Rosneft"in Almaniyadakı törəmə müəssisəsini 2026-cı ilin aprel ayına qədər sanksiyalardan müvəqqəti olaraq azad edən lisenziyalar vermişdi. Lakin Berlin daimi istisna axtarır.

Razılıq əldə edilməzsə, hakimiyyət orqanları aktivləri müsadirə edib xarici investora satmağı düşünür.

"Rosneft"in nəzarətində olan şirkət Berlin hava limanına, Almaniyanın şərqindəki yanacaqdoldurma məntəqələrinə və kimya sənayesinə yanacaq tədarük edən Şvedte neft emalı zavodunda paya sahibdir.

O, həmçinin "MiRo" və "Bayernoil" neft emalı zavodlarının əməliyyatlarında iştirak edir.

2022-ci ildən bəri aktivlər Almaniya dövləti tərəfindən xarici idarəetmə altındadır və Rusiya Ukraynaya müdaxiləsindən sonra tətbiq edilən müvəqqəti tədbir olaraq bu rejimi hər altı aydan bir uzadır.

Berlin Moskvadan mümkün kompensasiya tələbləri ilə bağlı narahatlıqlar səbəbindən indiyə qədər tam milliləşdirmədən yayınıb.

Rusiya mediası “Rosneft”-in Almaniya aktivlərinin dəyərini təxminən 7 milyard dollar olaraq qiymətləndirir, baxmayaraq ki, Reuters mənbələri onların faktiki dəyərinin iki dəfə az ola biləcəyinə inanırlar.

Bundestaqın Yaşıllar Partiyasının üzvü Maykl Kellner hökuməti aktivləri milliləşdirməyə çağıraraq onları "Almaniya üçün sistemli əhəmiyyətli" adlandırıb.

O əlavə edib ki, Qətər və Qazaxıstan 2024-cü ildə onları almaqda maraqlı olduqlarını bildiriblər.

Rosneft hazırda Qazaxıstandan neft almağa davam edir, lakin tədarüklər Rusiyanın nəzarətində olan boru kəməri vasitəsilə həyata keçirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə