"Turizmin gələcəyi planlı inkişafdadır" - AYDINLIQ GƏTİRİLDİ

Azərbaycan turizm sənayesinin inkişafı və sektorun daha yüksək peşəkarlıq səviyyəsinə çatdırılması üçün görüləcək işlər çoxdur və bu istiqamətdə müəyyən addımlar artıq atılır". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.

Kənan Hənifəyev sözlərinə belə davam edib: "Buna baxmayaraq, dünya turizm bazarındakı dinamik dəyişikliklər və qonşu ölkələrin turizm statistikasına nəzərən, fəaliyyət planımız daha dəqiq, daha sürətli və vahid sistem çərçivəsində olmalıdır. Turizm sənayesində rəqabət günbəgün artdığı üçün ölkəmizin də bu rəqabətə çevik və düşünülmüş şəkildə qoşulması vacibdir.

Turizmin əsas prioritet məsələsi strateji planlama olmalıdır. İlk növbədə mövcud infrastruktur və resurslarımız dəqiq şəkildə müəyyənləşdirilməli, daha sonra isə yaxın 5 il üçün əlavə olunacaq yeni layihələr və inkişaf istiqamətləri strateji sənədlərdə öz əksini tapmalıdır. Eyni zamanda, hansı ölkə bazarlarına çıxış edəcəyimiz də əvvəlcədən araşdırılmalıdır. Bunun üçün seçilən ölkələr arasında viza prosedurlarının sadəliyi, hava və quru nəqliyyat əlaqələrinin mövcudluğu, səfər qiymətlərinin əlçatan və rəqabətqabiliyyətli olması kimi amillər analiz edilməli və nəticələrə uyğun fəaliyyətə başlanılmalıdır.

Daha sonra isə əsas məsələlərdən biri təqdim edəcəyimiz turizm məhsulunun PR və marketinqidir. Məhsulun dəyəri və özəlliyi düzgün şəkildə formalaşdırılmalı və bu dəyər səlis, aydın və hədəf kütləyə uyğun formada çatdırılmalıdır. Reklam və tanıtım kampaniyalarında həm ənənəvi, həm də rəqəmsal media kanallarından balanslı şəkildə istifadə olunmalıdır.

Xidmət sahəsində isə hər zaman 10/10 səviyyəsində xidmətin göstərilməsi real görünmür. Bu, dünyanın hər yerində belədir. Turist axını kütləvi şəkildə artdığı halda müəyyən çatışmazlıqların yaranması qaçılmazdır. Buna baxmayaraq, xidmət səviyyəsinin 10/7 və daha üzərində saxlanılması artıq uğurlu nəticə hesab edilə bilər. Lakin bunun üçün sənaye içərisində çalışan personalın davamlı maarifləndirilməsi, peşə hazırlığı proqramlarının gücləndirilməsi və xidmət keyfiyyətinə dair mütəmadi monitorinqlərin keçirilməsi zəruridir.

Yuxarıda sadalanan bütün məsələlər bir-biri ilə zəncirvari şəkildə bağlıdır və onların paralel, koordinasiyalı və mexanizm kimi ahəngdar şəkildə işləməsi ümumilikdə turizm sektorunun davamlı inkişafını təmin edir. Turizmin inkişafı təkcə iqtisadi gəlirin artması demək deyil, həm də ölkənin beynəlxalq imicinin güclənməsi, mədəniyyətin dünyaya tanıdılması və regionların sosial rifahının yüksəldilməsi deməkdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə