Rus qadını Birləşmiş Ərəb Əmirliklərinə buraxmayıblar...

Bədəni üzü döymələr və pirsinqlərlə dolu imiş...

...Polina adlı rus qadına döymə və üz pirsinqi səbəbindən Birləşmiş Ərəb Əmirliklərinə giriş icazəsi verilməyib.

SİA-nın məlumatına görə, bu barədə Ura.Ru.Telegram-kanalı bildirib.

Qadın Birləşmiş Ərəb Əmirliyindən Afrikaya səyahət etmək niyyətində olaraq Dubaya tranzitlə gəlib. Lakin pasport nəzarətindən keçərkən hava limanı işçiləri tərəfindən saxlanılıb.

Polinanın sözlərinə görə, sərhədçilər onun çoxsaylı döymələri və üz pirsinqləri də daxil olmaqla, xarici görünüşü ilə maraqlanıblar.

Yoxlamadan sonra sənədləri müsadirə edilib və 20 saat tranzit zonasında saxlanılıb.

Daha sonra Polinaya ölkəyə girişinə icazə verilmədiyi bildirilib.

Rəsmi səbəb göstərilməyib, lakin səyahətçinin sözlərinə görə, təhlükəsizlik rəsmiləri onun çoxsaylı döymələri də daxil olmaqla, xarici görünüşünün yerli mədəni normalara uyğun olmadığına işarə ediblər.

Bundan sonra rus qadın marşrutunu dəyişməyə məcbur olub. Afrika əvəzinə qonşu Omana yollanıb. Sərhəddə daha çox problem yaşamamaq üçün Polina əvvəlcədən hazırlaşıb: təyyarədə yanaqlarındakı və boynundakı döymələri tonal kremlə örtüb, hicab geyinib və sərhəd nəzarətindən heç bir problem olmadan keçib.

Bu xəbər sosial mediada qızğın müzakirələrə səbəb olub. Bir çox istifadəçi bir sıra Yaxın Şərq ölkələrində, xüsusən də qadınlar üçün ciddi geyim qaydaları və xarici görünüş üçün xüsusi tələblərin olduğunu qeyd edib.

...Birləşmiş Ərəb Əmirliyi hakimiyyəti əvvəllər dəfələrlə səyahətçilərin səyahətlərini planlaşdırarkən yerli mədəni və dini ənənələri nəzərə almalı olduqlarını vurğulayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə