"Qələbə milli birliyimizin təntənəsidir" - HƏRBİ EKSPERT DANIŞDI

"Azərbaycan xalqı böyük bir qələbə qazandı və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tarixdə ən böyük qələbələrdən birinə imza atdı". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu qələbə yalnız hərbi qüdrətin deyil, həm də xalqımızın birliyinin, iradəsinin və milli ruhunun təntənəsidir: "Buna görə də bu qələbənin əbədiləşdirilməsi çox vacibdir. Çünki gələcək nəsillər öz tarixlərini bilməli, atanlarının və babalarının göstərdiyi böyük qəhrəmanlığı unutmamalıdırlar. Bu qəhrəmanlıq ənənəsi yaşadılmalı və gələcək nəsillər üçün nümunəyə çevrilməlidir.

Güclü ordu və güclü dövlət üçün millətçi, vətənpərvər, bilikli və mənəvi dəyərlərə sahib bir nəsil yetişdirmək lazımdır. Bu gün Azərbaycan dövləti artıq belə bir nəsli yetişdirməyi bacarıb və bu istiqamətdə mühüm addımlar atmaqdadır. Xüsusilə də qələbə mövzusunda yaradılan musiqi kompleksi, mədəniyyət layihələri, tarixi abidələrin bərpası və yeni memorial ansambllar milli yaddaşın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Mən inanıram ki, bu iş yalnız paytaxt və böyük şəhərlərlə məhdudlaşmamalıdır. Bütün bölgələrdə, bütün şəhər və kəndlərdə bu istiqamətdə işlər görülməlidir. Azərbaycan dövlətinin və xalqının qəhrəmanlıq tarixi hər bir bölgədə yaşadılmalı, qorunmalı və gələcək nəsillərə ötürülməlidir.

Gələcəkdə bu mövzuda filmlər çəkilməli, bədii və elmi əsərlər yazılmalıdır. Universitetlərdə, məktəblərdə müasir şəkildə tədris olunmalı, gənclər tariximizi təkcə oxumamalı, həm də onun mənəvi yükünü dərk etməlidirlər. Azərbaycanın dövlətçilik ideyası və milli kimliyi gələcək nəsillər arasında daha geniş şəkildə təbliğ olunmalı və gücləndirilməlidir. Düşünürəm ki, bu iş ümumxalq işi olmalıdır. Dövlət də, xalq da bu prosesdə aktiv iştirak etməli, birlikdə gələcəyin milli yaddaşını yaratmalıdır. Çünki güclü dövlət yalnız güclü iqtisadiyyat və ordu ilə deyil, həm də güclü milli ruh və tarixə sahibliklə möhkəmlənir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə