"İlham Əliyev andına sədaqətini sübut etdi" - ŞƏRH EDİLDİ

"31 oktyabr 2003-cü ildə cənab İlham Əliyev Dövlətə, Vətənə, Xalqa sədaqət andı içdi və keçən onilliklərdə andına sədaqətini sübut etdi. Prezident İlham Əliyev XXI əsr tarixində siyasi liderliklə yanaşı, zəfər çalmış hərbi lider obrazını özündə birləşdirir. Bu isə Azərbaycan Prezidentinin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, dövlətimizin rəhbəri ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır: "Prezidentimizin hadisə və proseslərlə bağlı irəli sürdüyü təşəbbüslər, ortaya qoyduğu mövqe dəfələrlə özünü doğruldub. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyev milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu hər zaman sübut edib. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir. Siyasətdə sistemli, səbirli, soyuqqanlı, təmkinli və dəqiq olması, imkanları və reallıqları düzgün dəyərləndirməyi bacarması onun mühüm üstünlüklərindəndir. Azərbaycan Prezidenti nəyi, nə zaman edəcəyini yaxşı bilir və tarix onun verdiyi qərarların, atdığı addımların həqiqətən ən düzgün seçimlər olduğunu sübuta yetirir. Bir məqam da bəllidir ki, onun hər bir addımı Azərbaycanın milli maraqlarına uyğundur. Bu maraqlara zidd hər hansı bir yanaşmanı Azərbaycan Prezidenti heç zaman özünə rəva görməyib və görməyəcəkdir. Çünki ölkəmizin rəhbəri milli dövlətçilik tariximiz üçün kim olduğunun, onun şəxsində və müasir dünyanın indiki reallıqları fonunda taleyin xalqımıza bəxş etdiyi şans və imkanların fərqindədir. Zəfərlə bitən Vətən müharibəsi də bunu bir daha təsdiqlədi.

Cənab İlham Əliyev Prezident olduğu gündən Zəfər tarixinə qədər usanmadan, üzərinə yönəlmiş bütün təhdid və təzyiqlərə rəğmən, zərrə qədər də olsun güzəştə getmədi. İşğalçı Ermənistan və onun havadarları qarşısında bir addım da geri çəkilmədi. Qarabağ məsələsində Ermənistana, onun dəstəkçilərinə, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Aparılan işlər tədricən öz nəticəsini verməyə başladı. Səsimiz, sözümüz dünyada daha aydın eşidildi. Azərbaycan erməni lobbisinin illərlə ətrafımızda qurduğu məlumat blokadasını yardı. Beynəlxalq ictimaiyyət Qarabağ məsələsi ilə bağlı doğruları eşitməyə başladı. Ermənistanın işğalçı mövqeyi ifşa olundu. Azərbaycanın iqtisadi imkanları və qlobal rolu artdıqca dostlarımızın sırası da genişləndi.

Tarixi qələbəmizdən sonra 44 günün bizim üçün xüsusi bir anlamı var. BMT kimi ali bir qurumun Ermənistanın işğalçı siyasətini pisləyən, onu Azərbaycan torpaqlarından çıxmağa çağıran, amma illərdir icra olunmayan qətnamələrini dövlətimiz cəmi 44 gün ərzində özü yerinə yetirdi. Müharibə qayda-qanunlara uyğun aparıldı və bununla dünyanın müxtəlif ölkələrində günahsız insanların qanına susayanlara əxlaq və mənəviyyat dərsi verildi. Vətən müharibəsi və bu müharibə nəticəsində əldə etdiyimiz möhtəşəm Zəfər milli birliyimizin təntənəsidir. Azərbaycan xalqının milli vəhdətinin rəmzidir.

Azərbaycan Prezidentinin azad yurdlarımızı qısa müddətdə dirçəltmək əzmi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında başlanan genişmiqyaslı bərpa-quruculuq prosesi, bu ərazilərin qlobal inkişaf tələblərinə uyğun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı atılan addımlar ölkəmizin firavan və təhlükəsiz gələcəyinə güclü təminat yaradır. Xüsusilə Cənubi Qafqazın geosiyasi taleyini müəyyənləşdirəcək, uzun fasilədən sonra regionda sülhü təmin edəcək Zəngəzur dəhlizinin yaradılması, kommunikasiyaların bərpası və yeni birgə fəaliyyət platformasının qurulması istiqamətində Azərbaycanın təşəbbüsləri və qəti addımları bölgəni bütün tərəflər üçün faydalı əməkdaşlıq mərkəzinə çevirir. Azərbaycan Cənubi Qafqaz regionunun lideri kimi öz tarixi missiyasını uğurla yerinə yetirir. Bu tarixi günlər, bu tarixi reallıqlar Azərbaycan üçün çalışmış, Azərbaycanın taleyini düşünmüş bütün böyük şəxsiyyətlərimizin ən ali arzusudur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə