51 cinayətin açılması təmin edilib - DİN

Oktyabrın 30-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 18 nəfər, dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Eləcə də polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 27 avtomat silahı, 3 pulemyot və 2 tüfəng aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə