"Bərpa və yenidənqurma işləri davam etdirilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

""Böyük Qayıdış" proqramına uyğun olaraq Füzuli şəhərində, bütövlükdə rayonda bərpa və yenidənqurma işləri davam etdirilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, deputat Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, Füzuli şəhərində salınmış şəhərcikdə, Füzuli şəhərinin bir hissəsində artıq 3 minə yaxın vətəndaşımız məskunlaşıb: "Bərpa və yenidənqurma işləri davam etdirilir. Artıq yeni binaların inşaatına başlanması 2025-ci ildə də Füzuli şəhərində məskunlaşmanın davam edəcəyindən xəbər verir.

Eyni zamanda şəhərlərlə yanaşı rayonun kəndlərində təməlqoyma mərasimləri həyata keçirilib. O cümlədən Dövlətyarlı kəndində ikinci "Ağıllı kənd"in qurulması nəzərdə tutulub. Digər bir sıra kəndlərdə bərpa, yenidənqurma işlərinə yaxın zamanlarda başlanacağı gözlənilir.

Bununla yanaşı həm də nəqliyyat və logistik infrastrukturun yenidən qurulması, parkların salınması, o cümlədən Köndələn gölü ətrafında yaşıllaşma və park salınma işlərinin genişləndirilməsi də həyata keçirilməkdədir. Füzuli rayonda da genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir ki, bütövlükdə rayonda daha intensiv məskunlaşmanın həyata keçirilməsinə imkan yaradacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə