“Azərbaycan öz addımları ilə iqlim dəyişikliklərinə qarşı mübarizə aparır“ - DEPUTAT DANIŞDI

“Cənab Prezident “Euronews”a verdiyi müsahibəsində bir daha vurğuladı ki, Azərbaycan öz addımları ilə iqlim dəyişikliklərinə qarşı mübarizə aparır, ətraf mühitin qorunmasının qeydinə qalır. Belə ki, bu gün Azərbaycanın əsas gündəliklərindən biri bərpaolunan enerji mənbələrinin yaradılmasından ibarətdir. “Euronews” müxbirinin sualları da məhz “Masdar” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığı əhatə edirdi. Bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində Azərbaycan arasında ilk səmərəli əməkdaşlıq sistemi qurulub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, günəş elektrik stansiyası 230 megavat gücündə olmaqla istifadəyə verilib: “Bu istiqamətdə Azərbaycanın çox böyük hədəfləri var. Bütün bunlar Azərbaycan iqtisadiyyatı və beynəlxalq aləmdəki rolu üçün çox böyük əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, artıq Qara dənizin dibi ilə Avropaya yaşıl enerji nəqlini təmin edəcək xəttin yaradılması haqqında razılaşma əldə edilib. Bu ənənəvi enerji daşıyıcıları ilə bərabər bərpaolunan enerji üzərindən də Azərbaycanın Avropanın enerji bazarında rolunun artacağına dəlalət edir.

Azərbaycan bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində çox geniş əməkdaşlıq qurmaqla yanaşı, həm də bu sahənin təşviqini həyata keçirir. Bunun özü də bir daha nümayiş etdirir ki, Azərbaycan ətraf mühitin qorunması istiqamətində beynəlxalq kompaniyanın təşkilatçısıdır. Çünki bərpaolunan enerji mənbələri təbiətə heç bir zərər vurmur, əksinə təbii ehtiyyat resurslarının qorunmasını şərtləndirir.

Ölkə Prezidenti həmçinin Bakı Enerji həftəsinin də əhəmiyyətini qeyd etdi. Artıq ölkəmiz otuz ildir ki, bu tədbiri keçirir və ilbəil tədbir iştirakçılarının sıraları genişlənir. Bu Azərbaycanın enerji təşəbbüslərinə olan marağın nəticəsidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə