İrandakı seçkilərin dinamikaları - TƏHLİL

İran xalqı iyunun 28-də keçiriləcək prezident seçkiləri üçün kritik dövrə doğru gedir. Şuranın 6 nəfərə prezidentliyə namizədlik verməsi ilə siyasi rəqabət daha da fəallaşıb. Bu namizədlərdən beşi mühafizəkar, biri isə yenilikçi kimi tanınsa da, məsələnin əsli bir qədər mürəkkəbdir. Belə ki, hər bir namizədin arxasında müxtəlif siyasi maraq qrupları, ideoloji cərəyanlar dayanır ki, bu da seçki dinamikasını çətinləşdirir.

İranda son illərdə yaşanan siyasi və iqtisadi çətinliklər xalqla hakimiyyət arasında etimadın zəifləməsinə səbəb olub. Xüsusilə iqtisadi böhranlar, inflyasiya, işsizlik kimi problemlər seçicilərin qərarlarına təsir edən mühüm amillərdəndir. Bundan əlavə, ölkənin son dövrlərdəki xarici siyasəti və regional qarşılıqlı əlaqələrinin seçkilərə təsir edəcəyi məlumdur.

İbrahim Rəisinin gözlənilməz itkisi də İran siyasətini çıxılmaz vəziyyətə salıb. Rəisinin, Xamneyinin varisi kimi nəzərdə tutulması onun ölümü ilə yanaşı təkcə prezidentin itirilməsini deyil, həm də növbəti dini liderin kim olacağı məsələsini müzakirəyə çıxarıb. Beləliklə bu günlərdə İran siyasi gündəmində ən mühüm məsələlərindən biri də dini lider Əli Xamneyini kimin əvəzləyəcəyi məsələsidir. Bu o deməkdir ki, prezident seçkiləri təkcə prezidentin seçilməsi demək deyil, həm də ölkənin siyasi gələcəyinin müəyyənləşdirilməsində həlledici rol oynayır. Bu kontekstdə namizədlərin siyasi mənşəyi, ideoloji mövqeləri və dini rəhbərliklə əlaqələri həlledici amillərdəndir.

Digər tərəfdən onu da qeyd etmək olar ki, bu seçkilər öncəkilərdən bir qədər fərqlənir. Belə ki, yenilikçi və reformist namizədlərin seçkilərdə iştirakının təmin edilməsi siyasi rəqabəti artırmaqla seçkilərin legitimliyini gücləndirmək məqsədi daşıyır. Xüsusilə Məsud Pezeşkian kimi namizədlərin seçkilərə qatılması yenilikçi hərəkatın canlanmasına və seçkilərə marağın artmasına təsir edən cəhətlərdəndir. Qeyd edək ki, Məsud Pezeşkian, Azərbaycan vilayətinin millət vəkili və keçmiş səhiyyə naziridir. Onun namizədliyi İslahatçılar Cəbhəsi tərəfindən dəstəklənir. Keçmiş islahatçı prezident Məhəmməd Hatəmi də açıq şəkildə Məsudu dəstəklədiyini bəyan edib. Bu mənada son seçkilər islahatçıların seçkiləri boykotu bitirməsi ilə əlamətdardır. Lakin bu namizədlərin uğur qazanması üçün onlar təkcə yenilikçi seçicilərin deyil, həm də geniş kütlələrin dəstəyini qazanmalıdırlar. Bu şərtləri və çoxsaylı mühafizəkar kəsimi göz önündə tutarsaq, yenilikçilərin seçkilərdən qalib ayrılması ehtimalı az görünür.

Mühafizəkarlar arasında isə Səid Celili və Muhammed Bakır Qalibaf kimi güclü namizədlər önə çıxır. Hər iki namizəd keçmişdə mühüm vəzifələrdə çalışıb və siyasi təcrübələri ilə tanınır. Qalibaf uzun illər Tehran meri və parlament üzvü kimi təcrübəyə malik olmaqla yanaşı, İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanıdır. Cəlili isə dini lider Əli Xamneyinin siyasi administrasiyası və Ali Milli Təhlükəsizlik Şurasının katibi kimi vəzifələrdə çalışıb. Cəlili Qalibafdan daha sərt və daha radikal xarakter kimi tanınır. Bununla belə, onun da parlament və prezident seçkilərində uğursuz nəticələri var. Ümumilikdə mühafizəkar blok daxilində rəqabət seçkilərin nəticələrinə təsir edə biləcək mühüm amil kimi ortaya çıxır. Reformist Pezeşkian üçün fürsət sayılan bu vəziyyətə görə mühafizəkarların səsləri Cəlili ilə Qalibaf arasında bölünə bilər.

Nəticə etibarı ilə İranda keçiriləcək prezident seçkiləri həm ölkənin daxili siyasətinə, həm də xarici siyasətinə ciddi təsir edəcək mühüm məqam kimi qiymətləndirilir. İndiki mərhələdə hansı namizədin seçkidə qalib gələcəyi bəlli olmasa da, İranın gələcək illərdə izləyəcəyi siyasət və ölkənin siyasi sabitliyi baxımından seçkilərin nəticələri böyük əhəmiyyət kəsb edir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə