İllərdir Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı eyni problemlər təkrar olunur, eyni halları görürük, eyni risklərlə yaşayırıq. AQTA yaradıldı, büdcəsi artırıldı, reydlərin sayı çoxaldı, yeni strukturlar formalaşdırıldı – amma nəticə sıfırdır. Qida bazarında vəziyyət köhnə hamam, köhnə tas olaraq qalır.
Palma yağı problemi yerində qalıb
İllərdir insanlar sübutlarla, araşdırmalarla deyir ki, çoxsaylı məhsulların tərkibi palma yağı ilə doldurulur. Ucuz, aşağı keyfiyyətli yağdan istifadə edən istehsalçılar bununla həm məhsulun dadını korlayır, həm də sağlamlıq üçün risk yaradır.
AQTA isə bu məsələdə görünməz qalıb. Heç bir real nəticə, heç bir şəffaf laboratoriya açıqlaması, istehlakçını rahatladacaq heç bir ciddi addım olmayıb.
“Leş dadı verən” broyler toyuqları hələ də bazardadır
Bütün broyler toyuqları bişəndə anormal iy, qəribə dad verir. Müxtəlif yemlərlə, süni böyüdülmə metodları ilə yetişdirilən bu məhsulların keyfiyyəti illərdir müzakirə olunur.
Amma nə dəyişib? Heç nə.
Bu toyuqlar yenə də bazarlarda, marketlərdə var və AQTA-nın onların keyfiyyəti ilə bağlı ciddi bir mövqeyi görünmür.
Kraska qatılmış çaylar hələ də satılır
Çayın təbii rəngi ilə heç bir əlaqəsi olmayan, rəngini “gəzdirmək” üçün kimyəvi qatqılar əlavə edilmiş çaylar haqqında illərlə danışılıb. Sosial şəbəkələrdə dəfələrlə görüntülər yayılıb: suya atılan kimi süni şəkildə tündləşen çaylar…
Bəs AQTA nə edib?
Yenə də bir nəticə yoxdur. Bu çaylar hələ də rahat şəkildə satışdadır.
Kimyəvi maddə ilə ağardılan kəllə-qənd
Klassik kəllə-qəndin ağ rəngdə görünməsi üçün bəzi hallarda kimyəvi ağardıcı maddələrdən istifadə edildiyi iddiaları uzun illərdir var. Bu, ciddi bir qida təhlükəsizliyi problemidir.
Amma yenə də nə istehlakçıya rəsmi xəbərdarlıq, nə də konkret araşdırma nəticələri açıqlanıb.
Nə dəyişib? Heç nə.
Qida təhlükəsizliyi kağız üzərindədir
Reydlərin, şəkillərin, press-relizlərin sayı artıb, amma real təhlükəsizlik hələ də təmin olunmayıb.
Əgər bir ölkədə:
palma yağıyla dolu məhsullar,
keyfiyyəti şübhəli broyler toyuqları,
kimyəvi qatqılı çaylar,
ağardıcı maddə ilə təmizlənmiş qənd
illərlə eyni şəkildə satılırsa, deməli, qida təhlükəsizliyi sahəsində heç bir real dönüş olmayıb.
AQTA-nın fəaliyyəti hələ də gözləntiləri doğrultmur. Çünki qida təhlükəsizliyi – ən fundamental məsələ – dəyişməyib. Problemlər danışmaqla yox, faktlarla ölçülür. Fakt isə budur: Azərbaycan istehlakçısı hələ də təhlükəsiz qidaya tam şəkildə çıxış əldə etmir.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB