“Regionlarda müasir oftalmoloji və ixtisaslı tibbi xidmətlər artırılır” - Nəzrin Mustafayeva

TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlimdə “TƏBİB tabeli tibb müəssisələrində müasir imkanlar” mövzusunda təqdimatla çıxış edib. SİA xəbər verir ki, çıxış zamanı N.Mustafayeva FAKO üsulu ilə katarakta, DSR (Gözyaşı kanal tıxanıqlığı) əməliyyatı, Avastin inyeksiyası və digər müasir oftalmoloji əməliyyatların icra olunduğu tibb müəssisələri haqqında məlumat verib. O qeyd edib ki, xidmət səviyyəsinin yüksəldilməsi və regionlarda oftalmoloji xidmət çeşidliliyinin artırılması istiqamətində işlər görülür, gələcək hədəflər arasında vitroretinal cərrahi əməliyyatların icrası, refraktiv cərrahiyyə mərkəzinin yaradılması və tibb müəssisələrinin müasir avadanlıqlarla təmin olunması yer alır.

Eyni zamanda, N.Mustafayeva ürək mərkəzləri, endoprotezləşdirmə mərkəzləri, hemodializ xidməti, İxtioz və bullyoz epidermoliz, hemofiliya və dağınıq skleroz xəstələrinə dövlət proqramları çərçivəsində dərman təminatı barədə də məlumat verib.

Departament rəhbəri ana və uşaq sağlamlığının qorunması üçün doğuşayardım xidmətində cari vəziyyət, dərman və müasir tibbi avadanlıq təminatı ilə bağlı ətraflı məlumat təqdim edib. Təqdimatda həmçinin “Yeni Klinika”da icra olunmağa başlayan Orqan transplantasiyası və TAQİ (Aortal qapağın endovaskulyar dəyişdirilməsi) əməliyyatları, robotik reabilitasiya prosesi barədə məlumatlar verilib.

N.Mustafayeva təcili və təxirəsalınmaz tibbi yardım xidməti, mövcud briqadalar, ambulans sayı, gündəlik çağırışlar və xidmətin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı planları media nümayəndələrinə çatdırıb.

Yekunda isə TƏBİB tabeli tibb müəssisələrində xidmətin təşkili zamanı infeksion və keyfiyyətə nəzarət təlimatlarına riayət olunmasının vacibliyi vurğulanıb və mövcud təlimatların adları qeyd edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə