“Xarici təsirlə daxildə təxribat törətmək ağır dövlət cinayətidir” - POLİTOLOQ

"Təəssüf ki, SSRİ dağılandan bu yana hələ də insanların müəyyən hissəsinin beynində, yaddaşında SSRİ nostalgiyası qalıb. Elə bu günlərdə Bakıda SSRİ bayrağının qaldırılması və küçədə nümayiş etdirilməsi faktı, həmin şəxslərin polis tərəfindən saxlanılması da göstərir ki, müəyyən mənada nostalji hisslər hələ də qalır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, ancaq diqqət etsək görərik ki, həmin şəxslər elə də yaşlı nəsil nümayəndələri deyil: "Onların SSRİ dövründə yaxşı yaşaması və ya indiki dövrdə pis yaşaması ilə bağlı obyektiv səbəb yoxdur. Bu daha çox cinayət tərkibli bir məsələdir və ehtimal ki, xarici ölkələrin təbliğatını aparmaq istəyən qüvvələrin təsiri altındadırlar. Hesab edirəm ki, istintaq bu şəxslərin bu fəaliyyətlərinin arxasında duran səbəbləri, onları maliyyələşdirən qüvvələri, təbliğatın hansı istiqamətdə aparıldığını və göndərilən vəsaitləri araşdıracaq və müvafiq qərarlar qəbul olunacaq. Mən də bir vətəndaş kimi təəssüf edirəm ki, belə bir zamanda insanlar öz millətini, öz xalqını düşünmək əvəzinə, başqa dövlətlərin maraqlarına xidmət edən fəaliyyətlərlə məşğul olurlar. Halbuki, hər bir Azərbaycan vətəndaşı dövlətimizin inkişafı üçün çalışmalı, bu yolda əlindən gələni etməlidir. Bu hadisələr bizim ideoloji sahədə müəyyən çatışmazlıqlarımızın olduğunu da göstərir. Hesab edirəm ki, Azərbaycan dövləti olaraq biz azad və müstəqil bir ölkəyik. Vətəndaşların azad düşünməsi, öz fikirlərini ifadə etməsi bizim üçün qəbul olunandır. Amma xarici təsirlə, idarə olunan şəkildə daxildə təxribat törətmək - bu, artıq cinayətdir. Bu, ağır dövlət cinayətidir və buna qətiyyən yol vermək olmaz.

Hesab edirəm ki, müvafiq qurumlarımız bu məsələlərə qarşı çox məsuliyyətlə yanaşır və lazımi tədbirlər görürlər. Xatırlayırsınızsa, rayonlarımızdan birində də belə bir hal olmuşdu və həmin vaxt da bu fəaliyyətlər qarşısı alındı. İndi isə belə bir hadisə Bakıda baş verib. Əlavə olaraq qeyd etmək istəyirəm ki, bu aksiyada iştirak edənlərdən birinin həkim olması məni daha da narahat etdi. İnsanlara şəfa verən, onları sağaldan bir peşənin sahibi belə təxribatçı fəaliyyət göstərirsə, deməli, o şəxsin öz düşüncəsində müalicəyə ehtiyac var.

Ümumilikdə, mən hesab edirəm ki, bizim cəmiyyətin ideoloji durumu milli və dövlətçilik əsaslıdır. Azərbaycançılıq ideologiyası cəmiyyətimizdə əsas mövqedədir. Amma təəssüf ki, 10 milyonluq bir ölkədə sağlam düşüncəli insanların yanaşı, satqınlar, təxribatçılar və pul müqabilində cinayətə gedən şəxslər də olur. Bu, hər bir cəmiyyətdə ola biləcək reallıqdır. Biz vətəndaş olaraq, bu cür halların vaxtında qarşısını almağa çalışmalıyıq. Birliyimiz, həmrəyliyimiz bu istiqamətdə aparılan işlərin uğurlu olmasını təmin edə bilər. Bizim məqsədimiz və amalımız başqa ölkələrin bayrağı altında yaşamaq və çalışmaq deyil. Biz öz milli bayrağımız, öz müstəqil Azərbaycan dövlətinin tərkibində yaşamaq və inkişaf etmək istəyirik.

Əks fikirdə olanlar isə müvafiq olaraq öz layiqli cəzalarını alacaqlar".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə