“Kiçik dövlətlərin sistemə təsiri olmayacaq” - ŞƏRH

“Yeni nizamın qurulması prosesi çoxdan başlayıb və bu proses, demək olar ki, artıq bir neçə mərhələni adlayıb və böyük ehtimal ki, yeni dünya düzənində artıq əvvəlki sistemlərin tətbiqi mümkün olmayacaq. Böyük ehtimalla yeni sistemlərdə paylaşılan güc balansı dövlətlərin mövcud cari güclərinə görə formalaşacaqdır. Yəni, bu kifayət qədər ciddi bir prosesdir və düşünürəm ki, burada artıq hansı dövlətlər daha çox pay alacaqsa, onlar gələcək nizamın əsas aktorlarına çevriləcəklər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

O bildirib ki, burada əsas qlobal oyunçu olaraq ABŞ ilə Çin ön sırada dayanacaq: “İkinci sırada isə Rusiyanın Ukraynada əldə edəcəyi qalibiyyət, yaxud da üzləşəcəyi məğlubiyyət bəlli olacaq – yəni Rusiya və Avropa İttifaqı bu sistemdə olacaq, həmçinin Hindistanın da bu sistemə daxil olması mümkündür.
Növbəti mərhələdə isə regional aktor olaraq Türkiyə, İran, Yaponiya, Cənubi Koreya, Afrikada Misir, Efiopiya, Braziliya və digər ölkələr bu sistemin tərkibində yer alacaqlar. Kiçik dövlətlərə gəlincə isə, artıq sistemin oyunçusu olmayacaqlar, sadəcə sistemin tərkib hissəsi kimi davam edəcəklər. Onların inteqrasiya imkanları və təsir gücləri yalnız böyük dövlətlərlə əldə edəcəkləri uzlaşma nəticələrindən asılı olacaq.
Həmçinin onların yerləşdiyi geostrateji mövqe və əllərində olan resursları necə dəyərləndirmələri də önəmlidir.

Bu baxımdan düşünürəm ki, bütün bunlar yeni nizamda öz təsirini göstərəcək və böyük dövlətlər kifayət qədər ciddi səylə bu nizamda öz mövqelərini möhkəmləndirməyə çalışacaqlar. Ehtimal ki, növbəti mərhələdə dəyişimin başqa bir ayağı olacaq – məsələn, BMT Təhlükəsizlik Şurasının yeni formatda qurulması, bloklaşma məsələləri, dövlətlərin uzun illər ərzində hansısa blokda sistematik şəkildə mövqe tutması və s.

Kiçik dövlətlərin sistemə təsiri çox olmayacaq. Onlar yalnız iqtisadi resurslarını böyük dövlətlərlə bölüşdürməklə öz mövcudluqlarını və təsirlərini qoruyacaqlar.

Ona görə də düşünürəm ki, bütün bu amillər yeni nizamın əsas qaydalarını müəyyənləşdirəcək və ümumi prosesə təsir edən mühüm faktorlar olacaq”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə