“Tibbi xidmətlər üzrə artım dinamikası icbari tibbi sığortanın effektivliyini göstərir” - Səbinə Quliyeva

“TƏBİB-in tabeliyində olan 14 Tibbi Ərazi Bölməsi üzrə 87 tibb müəssisəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində əhaliyə tibbi xidmət göstərərək fəaliyyətini davam etdirir. 2025-ci ilin yanvar–oktyabr ayları üzrə əldə olunan göstəricilər bu sahədə əhəmiyyətli dinamikanı ortaya qoyur". SİA xəbər verir ki, bunu TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlimdə deyib.

Onun sözlərinə görə, cari ilin ilk 10 ayında icbari tibbi sığorta hesabına icra olunan tibbi xidmətlərin sayı 67 milyona çatıb, həmin xidmətlər üzrə ödəniş məbləği isə 786 milyon manat təşkil edib: “Bu göstəricilər 10 ay üçün proqnozlaşdırılan reyestr üzrə tibbi xidmətlərin miqdarının və məbləğinin 91 faizinə uyğun gəlir".

Departament rəhbəri bildirib ki, 2025-ci ilin ilk 10 ayı ilə 2024-cü ilin eyni dövrünün müqayisəsi müsbət meyilləri üzə çıxarıb: “Tibb müəssisələrinə müraciət sayında 5 faiz, icra edilən xidmətlərin ümumi sayında 21 faiz, xidmətlər üzrə ödənilən məbləğdə isə 8 faiz artım qeydə alınıb".

S.Quliyeva deyib ki, tibbi xidmətlərə müraciətin yüksəlməsi nəticəsində TƏBİB tabeli tibb müəssisələrinə verilən göndərişlərin sayında da artım müşahidə olunub: “Göndərişlərin sayında ötən illə müqayisədə 46 faizlik artım qeydə alınıb".

O qeyd edib ki, TƏBİB-in Tibbi sığorta departamenti tərəfindən tibb müəssisələrinin sığorta fəaliyyəti üzrə daimi monitorinq aparılır: “Hər bir tibb müəssisəsinin Xidmətlər Zərfi çərçivəsində icra etdiyi xidmətlərin təhlili, hesabatlılığı, göndərişlərin nəzarəti mütəmadi şəkildə həyata keçirilir. Bu nəzarət mexanizmləri icbari tibbi sığorta çərçivəsində xidmətlərin daha şəffaf və keyfiyyətli icrasına xidmət edir".

Səbinə Quliyeva əlavə edib ki, tibbi xidmətlərin illik proqnoz hesabatı TƏBİB tərəfindən hazırlanır, nəticələr isə hər yarımil üzrə təhlil edilərək maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsində istifadə olunur: “Məqsədimiz tibb müəssisələrinin maliyyə dayanıqlığını qorumaq və sığortalıların xidmətlərə çıxış imkanlarını artırmaqdır. Bu məqsədlə bütün göstəricilər üzrə sistemli analiz aparılır və resursların səmərəli bölgüsü təmin edilir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə