UNEC-də "Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri" adlı I beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin Ortadoğu Texniki Universiteti (OTDÜ), Rusiyanın Ufa Dövlət Neft Texnologiyaları Universiteti (USPTU) və Özbəkistan Elmlər Akademiyasının Fizika-Texniki İnstitutunun (PhTI) birgə əməkdaşlığı ilə keçirilən “Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri” adlı I beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.

Konfransın açılışında UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev çıxış edərək bildirib ki, Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdiyi bir dövrdə mühəndislik yönümlü tədqiqatların strateji əhəmiyyəti xüsusilə artır. O qeyd edib ki, konfransın məqsədi yüksək texnoloji sahələrdə aparılan fundamental tədqiqatların nəticələrini müzakirə etmək, onların real sektorda tətbiq imkanlarını qiymətləndirmək və dayanıqlı iqtisadi artıma xidmət edən yeni elmi platforma yaratmaqdır.

Professor R.Rzayev əlavə edib ki, tədbirə dünyanın 27 ölkəsindən, eləcə də Azərbaycanın 48 ali təhsil, elmi-tədqiqat və sənaye müəssisəsindən ümumilikdə 600-ə yaxın tezis təqdim olunub. Dəyərləndirmələr nəticəsində 350 tezis konfransda təqdim edilmək üçün qəbul edilib. Seçilmiş məqalələr ekspert qiymətləndirməsindən sonra Springer nəşriyyatının “Atlantis Press” bölməsində “Advances Engineering Research” seriyasında, həmçinin Scopusda indekslənən UNEC JEAS və Özbəkistan tərəfdaşlarının “Applied Solar Energy” jurnallarında dərc olunacaq.

Konfransın həmsədri, Rusiyanın Ufa Dövlət Neft Texnologiyaları Universitetinin professoru Ramil Baxtizin tədbirin qlobal mühəndislik problemlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olduğunu vurğulayaraq, konfrans iştirakçılarına uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxışında elmin müasir çağırışların həllində artan rolundan, texnologiyanın ali təhsilə təsirindən və UNEC-in bu sahədə mühüm töhfələrindən danışıb. O, konfransın nəticələrinin mühəndislik və tətbiqi elmlərin inkişafına yeni stimul verəcəyini bildirib.

Tədbirdə Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Kimya elmləri doktoru professor Adil Qəribov, Veysəloğlu Şirkətlər Qrupunun baş direktor müavini İlqar Nuri UNEC-in mühəndislik və tətbiqi elmlər sahəsində yaratdığı çoxşaxəli elmi mühitin üstünlüklərini qeyd ediblər, bildirilib ki, bu tip elmi konfranslar elmin inkişafında, yeni biliklərin mübadiləsində və tədqiqatçıların bir araya gəlməsində xüsusi rol oynayır.

Konfrans mövzu üzrə panel müzakirələrlə davam edib.

bp şirkəti və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə keçirilən beynəlxalq konfrans noyabrın 29-da öz işini başa vuracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə