Yasamaldakı yanğınla bağlı açıqlama: Bu şəxslər məhkəməyə veriləcək - ÖZƏL

"Loft" Restoranının rəhbərliyi böhtan xarakterli məlumatlara cavab verdi

Baş vermiş yanğın hadisəsi ilə bağlı, əməkdaşlarımız ittiham olunan restoranın rəhbərliyi ilə əlaqə saxlayıb. İttihamlara cavab olaraq restoran rəhbərliyi açıqlamanı SİA-ya təqdim edib.

"Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın hadisəsi ilə bağlı bəzi şəxslər tərəfindən mediada və sosial şəbəkələrdə məqsədli şəkildə qərəzli informasiyalar yayılır. Heç bir əsas olmadan yanğının səbəbi kimi həmin binanın altında fəaliyət göstərən "Loft" restoranı günahkar göstərilir. Bu əsassız və böhtan xarakterli məlumatlarla bağlı qeyd etmək istəyirik ki, restoranın elektrik və digər təchizatları tamamilə kənar mənbədən formalaşır və binaya heç bir aidiyyatı yoxdur. Yanğın restorandan baş verməyib, obyektin elektrik xətti tamamilə ayrıdır və yüksək təhlükəsizlik sistemi ilə qurulub. Texniki şərtlər tərəfimizdən tam qaydasında təmin olunub, hətta obyektə lazım olduğundan 2-3 dəfə daha artıq gərginlik səviyyəsinə hesablanıb.

Binada baş vermiş yanğın isə Fövqəladə Hallar Nazirliyi tərəfindən aşkar edildiyi kimi binanın elektrik sistemində baş verib. Əgər yanğın restorandan olsaydı restoranın özünə də zərər dəyərdi, halbuki nəinki restorana, hətta onun üzərindəki mərtəbədə yerləşən stomotoloji klinikaya da heç bir zərər dəyməyib. Mənbə binanın özündə olub. Bizim elektrik xətti binadan tamamilə ayrıdır.

Lakin bəzi şəxslər tərəfindən məqsədli şəkildə yalan məlumat ötürülür və şirkətimizin işgüzar nüfuzuna zərbə vurulur. Bu böhtanla bağlı həmin şəxslər tərəfimizdən məhkəməyə veriləcək və müvafiq qanunlar əsasında məsuliyyət daşıyacaqlar. Tezliklə, hadisənin səbəbi ilə bağlı dövlət orqanlarının rəyi hazır olacaq və yanğının əsl səbəbi məlum olacaq. Hələlik isə, hadisə ilə bağlı qəsdən və ya bilməyərəkdən yalan məlumatlar yaymamağa çağırırıq".

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə