Qonşu nə deyər?” sindromu – Öz həyatımızın yox, başqalarının ssenarisi ilə yaşamaq

Bəzən aynaya baxanda özümüzü yox, sanki “qonşunun gözünü” görürük. Hansı paltarı geyinəcəyimizi, hansı işi seçəcəyimizi, kimlə evlənəcəyimizi, necə davranacağımızı belə öz istəklərimiz deyil, başqalarının fikri müəyyən edir. Cəmiyyətin ən dərin, ən səssiz, amma ən güclü zəncirlərindən biri də məhz budur: “Qonşu nə deyər?” sindromu.

Bu sindrom illərlə bizə “ayıbdır”, “el nə deyər?”, “camaat gülər” kimi cümlələrlə aşılanır. Halbuki bu cümlələr tərbiyə deyil, qorxu yaradır. Qorxu isə insanı şəxsiyyət kimi böyütmür, onu kiçildir, sıxır, susdurur. Uşaq istedadını gizlədir, gənc arzularından imtina edir, qadın xoşbəxtliyini qurban verir, kişi hisslərini boğur – tək bir səbəbə görə: başqalarının dili uzanar deyə.

Ən acı tərəfi isə budur: “qonşu” heç vaxt tam razı qalmır. Sən oxusan da danışacaq, oxumasan da. Evli olsan da deyəcək sözü var, subay qalsan da. Paltarın uzun olsa da müzakirə mövzusu olacaqsan, qısa olsa da. Yəni sən nə etsən də, bu cəmiyyətin mikrofonu sənin həyatına daim açıq olacaq. Bəs onda sual yaranır: Bu həyat doğrudan da sənin həyatındırmı?

“Qonşu nə deyər?” sindromu insanın özünü sevməsinə, öz dəyərini anlamasına ən böyük əngəldir. Çünki insan daim kənardan təsdiq gözləyən varlığa çevrilir. Öz seçimlərinə güvənmir, səhv etməkdən yox, danışılmaqdan qorxur. Halbuki səhv etmək inkişafdır, amma özün olmamaq itkidir.

Bu sindrom ailədən başlayır. Valideyn övladına “bizə söz gəlməsin” deyəndə, onun ruhuna ilk qorxu toxumunu əkir. O uşaq böyüyür və artıq özü də öz həyatının yox, başqalarının nəzarətçisi olur. Özünü yox, başqalarının gözündəki versiyasını qoruyur. Belə-belə cəmiyyət kollektiv maska taxmış insanlardan ibarət olur.

Tənqid isə burada sərt bir həqiqəti üzə çıxarır: Biz çox vaxt başqalarının həyatını müzakirə etməklə öz boşluqlarımızı gizlədirik. Qonşunun pəncərəsinə baxmaq, öz evimizin içini görməmək üçün bəhanəyə çevrilir. Başqasının seçimini mühakimə etmək, öz seçim etməyə cəsarətimizin olmamasını ört-basdır edir.

Amma unutduğumuz bir həqiqət var: Qonşu sənin yerinə yaşamayacaq. Sənin gecələrini düşünməyəcək, sənin peşmanlıqlarını çəkməyəcək, sənin keçmədiyin yollara görə sənə təsəlli verməyəcək. O sadəcə danışacaq… və sabah başqa birini danışacaq.

Bəlkə də azadlıq məhz buradan başlayır: “Qonşu nə deyər?” sualını yox, “Mən nə hiss edirəm?” sualını verməkdən. Çünki insanın ən böyük inqilabı başqalarının yox, öz səsinin arxasınca getməkdir.

Və bəlkə də bir gün cəmiyyət olaraq anlayarıq ki, ən böyük ayıb özün olmamaqdır. Ən böyük cəsarət isə susan səsi oyadıb deməkdir:
Qonşu nə deyir desin, bu mənim həyatımdır.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə