"Rusiya Ukrayna ilə bağlı müəyyən kompromislərin müzakirə olunacağı danışıqlar masasına əyləşə bilər" - ŞƏRH
Rusiya-Ukrayna müharibəsində son vəziyyət ondan ibarətdir ki, diplomatik danışıqlar hələlik müsbət nəticə verməyib. Hazırda tərəflər bir-birinə qarşı ağır bombardmanlar həyata keçirir və qarşı tərəfin strateji obyektlərini hədəfə alırlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ötən gün Rusiya Ukraynadakı üç elektrik stansiyasını vurub:
"Ukrayna isə Moskvada yerləşən neft emalı zavodunu hədəfə alıb. Bu hadisəni son illərdə Moskvaya qarşı həyata keçirilən ən ciddi hücumlardan biri kimi xarakterizə etmək olar və bu, böyük rezonans doğurub. Hazırda Ukrayna və Rusiya arasında danışıqlar prosesi dalana dirənib. Ukrayna hərbi baxımdan xeyli güclənib və Rusiyanın neft emalı zavodlarını, logistika mərkəzlərini hədəfə alır. Həmçinin Krım istiqamətində təzyiq artır və bölgədə Rusiyanın mövqeləri üçün müəyyən təhlükələr yaranır.
Türkiyə tərəfinin vasitəçiliyi ilə yaxın günlərdə yenidən danışıqlar prosesinin başlaması ehtimal olunur. Düşünürəm ki, Rusiya Ukraynaya qarşı nə qədər aqressiv hücumlar həyata keçirirsə, Ukrayna da buna adekvat cavab verir. Bir il əvvəl Ukrayna bu cür cavab imkanlarına malik deyildi. Lakin hazırda vəziyyət daha fərqlidir və Rusiya da baş verən proseslərdən müəyyən nəticələr çıxarmağa başlayıb. Çünki Moskva və Sankt-Peterburq kimi şəhərlərin hədəfə alınması Rusiyanın beynəlxalq imicinə mənfi təsir göstərir.
Bu baxımdan hesab edirəm ki, danışıqlar prosesinin yenidən başlanması mümkündür. Rusiya və Ukrayna arasında Türkiyənin vasitəçiliyi ilə birbaşa danışıqların keçirilməsi ehtimalı artır. Hazırki mərhələdə Rusiya cəbhə xəttində həlledici üstünlük əldə edə bilmir. Ukrayna isə taktiki baxımdan vəziyyəti nəzarətdə saxlamağa çalışır, Rusiyanın strateji obyektlərini hədəfə alır və müxtəlif istiqamətlərdə təzyiqi davam etdirir. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Rusiya növbəti mərhələdə Ukrayna ilə bağlı müəyyən kompromislərin müzakirə olunacağı danışıqlar masasına əyləşə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB