Mundialın ilk sınaqları: Kimlər çempionluğa daha yaxındır? - ŞƏRH EDİLDİ

Mundialın ilk sınaqları: Kimlər çempionluğa daha yaxındır? - ŞƏRH EDİLDİ

Dünya çempionatının startı futbolsevərlərin diqqətini yenidən ən böyük futbol səhnəsinə yönəldib. Turnirin ilk oyunları artıq bir sıra maraqlı məqamlarla yadda qalıb.

Sabiq futbolçu Tərlan Əhmədov SİA-ya açıqlamasında bildirib ki, indidən favoriti müəyyənləşdirmək çətindir:

"Çünki sürpriz nəticələr də qeydə alınır, gözlənilməz hadisələr baş verir. Bəzi yığmaların gözləniləndən zəif çıxış etməsi də müşahidə olunur. Son dünya və Avropa çempionatlarının təcrübəsi göstərir ki, ilk turlarda komandalar daha ehtiyatlı oynayır, öz oyun üslublarını tam nümayiş etdirmirlər. Çempionatın ilk mərhələsində açıq futbol daha az görünür, komandalar əsasən sürətli hücumlara və əks-hücumlara üstünlük verirlər. Məqsəd oyunun taleyini qısa zamanda həll etməkdir.

Buna baxmayaraq, bir çox görüşlər heç-heçə ilə başa çatır. Ümumilikdə komandaların səviyyələrinin bir-birinə yaxın olduğunu görürük. Favoritlərdən danışarkən Fransa, Xorvatiya, Portuqaliya və İngiltərə kimi yığmaların adlarını çəkə bilərik. Lakin onların real gücünü qiymətləndirmək üçün ilk oyunlarını görmək lazımdır.

Məsələn, Kanada yığması zəif komanda deyil və kifayət qədər maraqlı futbol nümayiş etdirir. Mərakeş yığması da baxımlı oyun sərgilədi və çoxlarını təəccübləndirdi. Bu da göstərir ki, həmin ölkələrdə futbol sürətlə inkişaf edir. Hazırkı oyun səviyyələrinə əsasən, Mərakeş hətta yüksək yerlər uğrunda mübarizə aparmağa qadir görünür. Ancaq ilk turlar həmişə aldadıcı olur. Xatırlayaq ki, son dünya çempionu Argentina turnirin ilk oyununda Səudiyyə Ərəbistanına məğlub olmuşdu. Hətta bu qələbədən sonra Səudiyyə Ərəbistanında böyük bayram əhval-ruhiyyəsi yaşanmışdı. Lakin turnirin sonunda dünya çempionu Argentina oldu. Bu səbəbdən ilk turun nəticələrinə əsasən yekun qərar vermək düzgün deyil.

Komandalar hələ öz potensiallarını tam ortaya qoymayıblar. Hamı ehtiyatlı davranır. Ona görə də hazırkı mərhələdə konkret favoriti müəyyənləşdirmək mümkün deyil. İkinci turdan etibarən yığmalar daha çox risk edəcək, nəticə qazanmaq üçün bütün imkanlardan istifadə etməyə çalışacaqlar. Məhz bundan sonra hansı komandanın daha hazırlıqlı, daha motivasiyalı və daha güclü olduğu aydın görünəcək. Bu gün futbolun inkişaf səviyyəsi o qədər yüksəlib ki, artıq yalnız Avropa və ya Latın Amerikası komandalarını favorit hesab etmək olmaz. Afrika futbolu da sürətlə inkişaf edir. Bir çox afrikalı futbolçu Avropanın aparıcı klublarında çıxış edir və yüksək səviyyəli futbol məktəbi keçirlər. Eyni zamanda Avropa yığmalarında da Afrika əsilli futbolçuların sayı kifayət qədərdir.

Bu baxımdan Afrika yığmaları artıq ciddi rəqibə çevriliblər. Seneqal, Kot-d’İvuar və digər komandaların hansı səviyyədə olduqları növbəti turlarda daha aydın görünəcək. Eyni sözləri Özbəkistan və Türkiyə haqqında da demək olar. Ümid edirik ki, qardaş ölkələrin yığmaları azarkeşlərini sevindirəcək və növbəti mərhələyə yüksələcəklər.

Ümumiyyətlə, futbol o qədər inkişaf edib ki, artıq hansı qitənin təmsilçisinin favorit olduğunu söyləmək çətindir. Əvvəllər dünya çempionluğu əsasən Avropa və Latın Amerikası ölkələri arasında bölüşdürülürdü. İndi isə Asiya və Afrika yığmaları da ciddi iddialı komandalara çevriliblər. Yaponiya maraqlı futbol nümayiş etdirir, Afrika təmsilçiləri isə uğurlu və sürpriz nəticələr qazanırlar. Buna görə də indiki mərhələdə konkret favoriti müəyyənləşdirmək çətindir. Qrup mərhələsi başa çatdıqdan sonra hansı komandaların çempionluğa əsas namizəd olduqları və hansılarının final mərhələsinə qədər irəliləyə biləcəyi barədə daha dəqiq fikir söyləmək mümkün olacaq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə