Avropa Parlamenti Brüsseldəki yeməkxananı böyük “food court”a çevirməyi planlaşdırır

Avropa Parlamenti Brüsseldəki yeməkxananı böyük “food court”a çevirməyi planlaşdırır

Avropa Parlamenti Brüsseldə yerləşən əsas yeməkxanasını 1000-dən çox insanın eyni vaxtda istifadə edə biləcəyi iri “food court” formatına çevirməyi planlaşdırır.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məsələ Avropa Parlamentinin Prezidenti Roberta Metsola tərəfindən Strasburqda keçirilən Bürolar Şurasının iclasında müzakirə edilib. Deputatlar və əməkdaşlar arasında populyar olmayan hazırkı yeməkxananın yenidən qurulması gündəmdədir.

Sənədə əsasən, 1995-ci ildə inşa edilən mətbəxlərdə uzun müddətdir müxtəlif texniki problemlər müşahidə olunur. Buraya su sızmaları, korroziya, elektrik sistemində nasazlıqlar və digər infrastruktur problemləri daxildir. Mətbəxlərin illik texniki xidmət xərci isə təxminən 500 min avro təşkil edir.

Avropa Parlamentinin Baş katibi Alessandro Chiocchetti tərəfindən hazırlanan qeyddə mövcud vəziyyətin gigiyena və təhlükəsizlik baxımından artan risklər yaratdığı vurğulanır.

Təklif olunan yeni “food court” modeli sayəsində oturacaq sayı 800-dən 1000-dən çox yerə çatdırılacaq. Həmçinin menyunun Parlamentin iş qrafikinə və tədbirlərin intensivliyinə daha çevik şəkildə uyğunlaşdırılması nəzərdə tutulur.

Hazırda yemək xidmətini göstərən şirkəti ilə müqavilənin müddəti 31 iyul 2027-ci ildə başa çatacaq. Avropa Parlamenti gələcəkdə vahid mərkəzləşdirilmiş müqavilə çərçivəsində fəaliyyət göstərəcək daha kiçik təchizatçıların müxtəlif “food corner”lər idarə etməsi modelini nəzərdən keçirir.

Parlament administrasiyasının fikrincə, yeni sistem həm xərclərə daha effektiv nəzarət etməyə, həm də mövcud modeldən daha çevik xidmət göstərməyə imkan verəcək.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə