Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınması və ehsan qaydalarının tənzimlənməsi cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. İndi isə növbə toy məclislərinindir, çünki bu sahədəki israfçılıq və dəbdəbə yarışı ailələr üçün ciddi maddi, mənəvi yükə çevrilib. Üstəlik, şadlıq saraylarında həddindən artıq spirtli içki qəbulu tez-tez xoşagəlməz hadisələrə, dava-dalaşlara və ailə dramlarına zəmin yaradır. Bəs toy adətlərimizi israfçılıqdan və bu cür təhlükəli vərdişlərdən təmizləmək üçün hansı addımlar atılmalıdır? Toylarda spirtli içkilərin verilməsi ləğv edilə bilərmi? Bəs, bu cür məhdudiyyətlər məclislərdə dava-dalaş və xoşagəlməz hadisələrin qarşısını ala bilərmi?
Məsələ ilə bağlı kulturoloq Aydınxan Əbilov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan toy adət-ənənələri əsrlərlə formalaşmış və mədəniyyətimizin böyük bir hissəsini təşkil edir:
"Burada yalnız vizual görünən mədəniyyət yox, həm də mənəvi ruhu, dini və məişət adət-ənənələrini özündə birləşdirən anlayışlardan söhbət gedir. Davranış və yaşam tərzimiz də bu ənənələrin ayrılmaz hissəsidir. Toylar son vaxtlar həddindən artıq təmtəraqlı, hətta krallara məxsus formada keçirilir. Amma biz dövlət və ya cəmiyyət olaraq heç kimə göstəriş verə bilmərik ki, toyunda hansı yeməkləri versin və ya toyunu hansı formada keçirsin. Aydındır ki, müəyyən standartlar var və həmin standartlardan kənara çıxmaq olmaz.
Toyun həm gigiyenik baxımdan, həm qida təhlükəsizliyi baxımından, həm də insanların davranışı baxımından müəyyən qaydaları mövcuddur. Şadlıq evləri, toy sahibləri, toyu sifariş verən tərəflər və təşkilatçılar bu məsələlərə görə məsuliyyət daşıyırlar.
Lakin toyda bu və ya digər yeməyin, yaxud spirtli içkinin verilməsi və ya verilməməsi məsələsi mübahisəlidir. Biz dünyəvi dövlətik və Avropa dövlət fəlsəfəsindən çıxış edərək vətəndaşlarımıza liberal azadlıqlar vermişik. Təəssüf ki, bəzi hallarda vətəndaşlar bu azadlıqlardan sui-istifadə edir, bilərəkdən və ya bilməyərəkdən qanunları pozurlar. Əslində keçmişdə toylarımızda spirtli içkilər geniş yayılmamışdı. Bəzi bölgələrdə içki məclisləri ayrıca təşkil olunurdu. İçki içənlər və içməyənlər üçün fərqli məclislər qurulurdu. Son illərdə, xüsusilə müstəqillik dövründən sonra, bu israfçılıq bəzən toylarımızı az qala araq məclislərinə çevirməyə başlayıb. Əvvəllər mövcud olan bəzi ənənələr – mağarlar, ayrı-ayrı qadın və kişi məclisləri, müxtəlif mərasimlər tədricən aradan qalxıb. Bunların əvəzinə vahid toy məclisləri təşkil olunmağa başlayıb.
Bu gün qadınlı-kişili, yaşlı-gəncli hər kəs böyük şadlıq saraylarına dəvət olunur. Çox vaxt insanlar qarışıq masalarda əyləşirlər və burada müxtəlif yeməklər, salatlar, şirniyyatlar, alkoqollu və alkoqolsuz içkilər təqdim edilir. Bəzən insanlar məhz süfrənin bolluğunu və ya şadlıq evinin qiymətini nəzərə alaraq toyda nə qədər pul salacaqlarını müəyyənləşdirirlər. Toylar qısa müddətdə başa çatdığı üçün, xüsusilə spirtli içkilərin təsiri altında müəyyən münaqişələr yaranır.
Bu münaqişələr adətən şəxsi münasibətlər, qısqanclıq, rəqs və ya musiqi sifarişi üstündə baş verir. Əslində isə bu, toyun deyil, həmin insanların mənəvi və əxlaqi problemlərinin nəticəsidir. Düşünürəm ki, spirtli içki verilsə də, verilməsə də, davaların böyük hissəsi insanların mədəniyyəti, tərbiyəsi və ictimai yerlərdə davranış qaydalarına əməl etməməsi ilə bağlıdır.
Lakin içki bu problemləri daha da kəskinləşdirir. Xüsusilə şəxsi və ya ailə problemlərini içki ilə unutmağa çalışan insanlar həm toy iştirakçıları, həm də bütövlükdə cəmiyyət üçün problem yaradırlar. İllərdir bu məsələ ilə bağlı müxtəlif təkliflər səsləndirilir, lakin spirtli içkilərlə bağlı problem hələ də həllini tapmayıb. Bunun səbəblərini araşdırarkən Azərbaycanın hər yerində sürətlə çoxalan şərab evlərini də nəzərə almaq lazımdır.
Mən dünyəvi düşüncəyə malik bir insanam və içki içən insanların hüquqlarını müəyyən mənada tanıyıram. Düşünmürəm ki, toylarda şərab və digər spirtli içkilərin qadağan olunması problemləri tamamilə aradan qaldıracaq. Buna ehtiyac da yoxdur. Tarix göstərir ki, ABŞ-da alkoqola qoyulan qadağalar müxtəlif qanunsuz fəaliyyətlərin və mafiya qruplarının yaranmasına səbəb olmuşdu. Azərbaycanda da belə bir qadağa tətbiq olunsa, müəyyən problemlər yarana bilər. Necə ki, qumar oyunları qadağan olunduqdan sonra bəzi insanlar Gürcüstan, Türkiyə və Şimali Kipr kimi ölkələrə üz tutdular, eyni vəziyyət toylarla bağlı da yarana bilər.
Toy biznesi Azərbaycanın xidmət və əyləncə sektorunun mühüm hissəsidir. Minlərlə insan bu sahədən dolanışığını təmin edir. Hər hansı məhdudiyyət tətbiq edilərkən bunun sosial və iqtisadi nəticələri də nəzərə alınmalıdır. Bunun əvəzinə müəyyən məhdudiyyətlər tətbiq etmək olar. Məsələn, spirtli içkilərin sayı azaldıla bilər, içki məclisləri ayrıca zalda təşkil oluna bilər. Həddindən artıq spirtli içki qəbul edən şəxslərə qarşı şadlıq saraylarının əməkdaşları daha ciddi nəzarət etməlidirlər. Zərurət yarandıqda hüquq-mühafizə orqanları məlumatlandırılmalı və həmin şəxslər məclisdən uzaqlaşdırılmalıdır.
Ümumilikdə isə toy ailələrin və el-obanın sevinc günüdür. Həmin sevinci yasa çevirmək və ya məclisi pozmaq heç kimin haqqı deyil. İstər içkili, istərsə də ayıq olsun, hər kəs davranışına cavabdehdir. Əgər bir insan içki qəbul etdikdən sonra özünü idarə edə bilmirsə, onun belə məclislərdə iştirak etməsi doğru deyil.
Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanda dini qaydalara uyğun təşkil olunan toylar da mövcuddur. Həmin toylarda ümumiyyətlə spirtli içkilər verilmir. Lakin bəzi hallarda bu məclislərə marağın daha az olduğu müşahidə olunur və insanlar sadəcə iştirak edib öz borclarını yerinə yetirməklə kifayətlənirlər. Bütün bunları nəzərə alaraq düşünürəm ki, orta və balanslı bir yol tapılmalıdır. Təkliflərimiz də məhz bu məqsədə xidmət etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB