8-ci kilometr bazarında qiymətlər niyə fərqlənir? - AÇIQLANDI

8-ci kilometr bazarında qiymətlər niyə fərqlənir? - AÇIQLANDI

8-ci kilometr bazarında eyni məhsulun müxtəlif satıcılarda fərqli qiymətə satılması bazar iqtisadiyyatının xüsusiyyətlərindən irəli gəlir. Qiymət fərqlərinin əsas səbəblərindən biri məhsulun alış qiymətinin fərqli olmasıdır. Satıcılar məhsulları müxtəlif təchizatçılardan aldıqları üçün onların xərcləri də fərqli olur. Daha ucuz qiymətə məhsul əldə edən satıcı onu daha aşağı qiymətə təklif edə bilir. Eyni zamanda, məhsul azalanda da satıci partiyanı tez bitirmək üçün qiymətləri aşağı sala bilir.

Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.


O bildirib ki, qiymətlərə məhsulun keyfiyyəti və təzəliyi də təsir göstərir. Xarici görünüşü daha yaxşı olan, daha təzə və ya keyfiyyətli məhsullar adətən daha yüksək qiymətə satılır. Bundan əlavə, satıcıların icarə haqqı, nəqliyyat və digər xərcləri də bir-birindən fərqlənə bilər ki, bu da son satış qiymətində öz əksini tapır:

“Bəzi satıcılar daha çox müştəri cəlb etmək üçün mənfəət marjasını aşağı saxlayaraq məhsulu ucuz qiymətə satırlar. Digərləri isə daha yüksək qazanc əldə etmək məqsədilə qiymətləri artırırlar. Müştərilərin alıcılıq qabiliyyəti, bazardakı tələb və təklif nisbəti də qiymətlərin formalaşmasına təsir edən mühüm amillərdir.

Nəticə etibarilə, 8-ci kilometr bazarında eyni məhsulun müxtəlif qiymətlərlə satılması satıcıların alış xərcləri, məhsulun keyfiyyəti, satış strategiyası, bazar şəraiti və rəqabət mühiti ilə əlaqədardır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə