Azərbaycan ilə BƏƏ arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir

Noyabrın 26-da ədliyyə naziri Fərid Əhmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah bin Sultan bin Avad əl-Nuaimi ilə görüşüb. SİA xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında ədliyyə sahəsində münasibətlərin inkişafı üçün mövcud olan hüquqi bazanın əhəmiyyəti diqqətə çatdırılıb. Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumunun icrasını dəstəkləyəcək yeni Əməkdaşlıq Proqramının imzalanması müzakirə edilib, bu sənədin hüquqi əməkdaşlığın genişləndirilməsinə əlavə töhfə verəcəyi bildirilib.

Azərbaycan tərəfi ədliyyə sistemində rəqəmsallaşma və süni intellektin tətbiqinin genişləndirilməsi, xidmətlərin operativliyi və səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən bəhs edib və bu sahədə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsində maraqlı olduğunu ifadə edib.

Ölkələr arasında hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin, eləcə də təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Fərid Əhmədov, həmçinin BƏƏ-nin Baş nazirinin müavini və daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan ilə də görüş keçirib.

Görüş çərçivəsində tərəflər arasında cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı ekstradisiyanın həyata keçirilməsi istiqamətində faydalı əməkdaşlığın olduğu vurğulanıb. Həmçinin tərəflər gələcək əməkdaşlıq perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə