YARAT-da Afrikanın müasir incəsənəti haqqında sərgi açılıb

YARAT Müasir İncəsənət Məkanında “Ex Africa semper aliquid novi” adlı genişmiqyaslı qrup sərgisi açılıb. Alfons Huqun kuratorluğu ilə təşkil edilən sərgi Afrika qitəsinin müxtəlif bölgələrindən 11 sayılıb-seçilən rəssamı bir araya gətirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdən əvvəl rəssamlarla görüş keçirilib. Hər bir rəssam öz işləri və yaradıcılıq yolu haqqında danışıb.

Layihə Afrikanın unikal, qeyri-adi incəsənət müxtəlifliyini nümayiş etdirir.

Afrika bu gün də müasir dünyanın simasını formalaşdıran mədəni, siyasi və estetik narrativlər yaratmaqda davam edir. Əsrlər boyu qitə bəşəriyyətin beşiyindən tutmuş imperializm, köləlik, müstəmləkəçilik və azadlıq kimi ən mürəkkəb dövrlərə bütün qlobal dəyişikliklərin təkanverici qüvvəsi olub. Onun mədəni izləri uzun illərdən bəri coğrafi sərhədləri aşaraq, Avropanın incəsənət tarixində, caz musiqisində və karnavallarda, ədəbiyyatda və memarlıqda, çağdaş dövrdə isə qlobal müasir incəsənət səhnəsində öz əksini tapır.

Bu gün Afrika bir daha dərin demoqrafik, ekoloji və sosial dəyişikliklərin mərkəzindədir. “Ex Africa” sərgisi müasir dövrün reallıqlarını daha geniş tarixi və mədəni kontekstdə təqdim edir, tamaşaçını Afrikanı bir periferiya deyil, məhz dünya sivilizasiyası və yaradıcılığının əsas “mühərriklərindən” biri kimi yenidən qiymətləndirməyə dəvət edir.

Müasir Afrika incəsənəti inanılmaz bir yüksəliş və yenilənmə dövrünü yaşayır. Son onilliklərdə Dakar, Yohannesburq, Mərakeş, Bamako və Luandada keçirilən biennalelər, eləcə də “Documenta” və Venesiya Biennalesi kimi beynəlxalq sərgilər Afrika rəssamlarını qlobal incəsənət diskursunun ön sırasına çıxarıb.

Müasir Afrika incəsənəti eyni anda həm ənənəvi irsdən, xristianlıq və islamdan, həm də müasir qlobal təsirlərdən ilhamlanaraq, xronoloji ardıcıllığa və qəbul olunmuş iyerarxiyalara qarşı çıxan çoxsəsli vizual dil yaradır.

“Ex Africa semper aliquid novi” qrup sərgisi Azərbaycan tamaşaçılarını yeni nəsil Afrika rəssamları ilə tanış edir. Bu rəssamların əsərləri beynəlxalq səviyyədə tanınmasına baxmayaraq, regionda hələ geniş məlum deyil. Sərgi bir-birinə təbii şəkildə bağlı olan dörd tematik istiqamət üzrə qurulub. “Tarixin əks-sədası” – burada rəssamlar kollektiv yaddaşa və postkolonial irsə qayıdır; “Vücudlar və portretlər” – şəxsiyyətin, təmsilçiliyin və insan mövcudluğunun bədii təzahürləri; “Şəhər dramı” – miqrasiya, bərabərsizlik və transformasiya hekayələri, həmçinin “Yoxa çıxan səslər” – Nigeriyanın səkkiz dilinə əsaslanan, dilin kövrəkliyini araşdıran səs instalyasiyası. Bütün bu mövzuların vəhdəti müasir Afrika incəsənətinin rəngkarlıq, fotoqrafiya və instalyasiya üslublarının zənginliyini və vacibliyini üzə çıxarır, habelə bu qitənin həm dərin problemlərini, həm də tükənməz yaradıcılıq enerjisini işıqlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə