"Azərbaycan ordusu öz şərəfli yolunu davam etdirir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan ordusu müstəqillik əldə etdikdən sonra hazırkı dövrdə dünyanın ən sayılıb-seçilən ordularından biri sayılır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, ona görə də ordumuz döyüşərək yarandı: "Erməni seperatizminə, ermənilərə dəstək olan qüvvələr ordumuzun tam formalaşmamasından istifadə edib bizə xeyli problemlər, çətinliklər yaratdılar. Biz torpaqlarımızın bir qismini itirdik. Amma 90-cı illərdə ordumuz formalaşmağa başlayanda müəyyən uğurlar əldə etdik. Sonra isə 1994-cü ilin mayın 12-də atəşkəs haqqında razılaşma imzalandı. Ona indi də məşhur Bişkek razılaşması deyirlər. 1994-cü ildən sonrakı 2016-cı il Aprel döyüşlərinə qədər ordumuz xeyli təlimlər keçdi. Silahlarımızın bir qismini yeniləməyə müvəffəq olduq. Sonrakı dövrdə ordumuzun şəxsi heyəti təlimlərdə iştirak etməyə başladı. NATO-nun sülh naminə tərəfdaşlıq proqramı, digər proqramlar çərçivəsində Azərbaycan ordusu müəyyən təcrübə topladı, müəyyən yol qət etdi. Biz ordumuzun güclənməsini son illərdə daha aydın şəkildə hiss etməyə başladıq. Biz 2016-cı ilin aprel döyüşlərində, nəhayət, 2020-ci ilin 44 günlük zəfər savaşında Azərbaycan ordusunun qətiyyətini və əzmkarlığını gördük".

"Ötən il 2023-cü ilin sentyabrında antiterror əməliyyatından sonra biz ərazi bütövlüyümüzü tam bərpa etdik. Bu gün qürur hissi ilə ordumuzun sayəsində işğaldan azad olunmuş ərazilərə vətəndaşlarımız daimi məskunlaşmaq üçün qayıdırlar. Öz həyat və fəaliyyətlərini bərpa edirlər. Hansısa delimitasiya və demarkasiya işləri həyata keçirirlər. Dövlət sərhəd xidmətinin əsgərləri və zabitləri Qazax və Qarabağ istiqamətində sərhəd dirəkləri basdırırlar. 26 İyun bizim üçün qürur tarixidir. Ona görə də ordumuzla həm fəxr edirik, həm də qürur duyuruq. Biz ordumuza daim böyük diqqət və qayğı göstərməliyik. Ordumuzu əzizləməliyik, onların bütün tələbatlarını ən yüksək səviyyədə təmin etməliyik.

Hesab edirəm ki, ordumuz haqqında nə qədər danışsaq da, bu, azdır. İlk növbədə əziz şəhidlərimizə borcluyuq. Allah onların ruhunu şad etsin, məkanları cənnət olsun. Müharibə iştirakçılarına Allahdan möhkəm can sağlığı arzulayırıq. Onların əziyyət və zəhməti sayəsində torpaqlarımız işğaldan azad olundu. Həlli yolu olmamış məsələlər də ümid edirəm ki, tezliklə öz həllini tapacaq. İlk növbədə müharibə iştirakçılarının bəzi imtiyazlarının tanınması, onların qanunlaşdırılması məsələlərini nəzərdə tuturam. Bir sözlə, Azərbaycan ordusu öz şərəfli yolunu davam etdirir və biz ordumuza bundan sonrakı dövrdə də uğurlar və müvəffəqiyyətlər arzulamalıyıq. Necə deyərlər, yaşasın Azərbaycan silahlı qüvvələri və Azərbaycan ordusu!" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə