Ölkəmizdə gündəm olan mövzulardan biri də məhz "Formula- 1" yarışıdır. Qlobal səviyyədə keçirilən bu yarışa baxmaq üçün dünyanın hər yerindən turistlər ölkəmizə axın edir. Bununla yanaşı yarışın yüksək səviyyədə standartlara uyğun keçirilməsi üçün avtomobil yollarında, keçidlərdə paralel zamanlı islahatlar aparılır, işlər görülür. Beynəlxalq səviyyədə keçirilən bu tip yarışlarda ölkəmizi layiqincə təmsil etmək, dünya ictimaiyyətinin qarşısında Azərbaycan xalqının, dövlətinin qonaqpərvərliyini nümayiş etdirmək hər bir sıravi vətəndaşın, dövlət nümayəndəsinin borcudur. Hər kəsin gündəlik həyatında müzakirə etdiyi, gündəmdə olan bu mövzu ilə bağlı SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Zemfira Abdullayeva: "Yarışlarla bağlı fikirlərim çox müsbətdir. Sözügedən yarışlar Azərbaycanın dünyada tanınması üçün çox vacibdir. Sözsüz ki, hər işdə olduğu kimi "Formula- 1" yarışında da müəyyən çətinliklər, vətəndaşlar üçün diskomfort vəziyyətlər ola bilər. Gərək bu tip problemləri bir vətandaş kimi yaxşı qarşılayaq".
Şəhər sakini Yusif Ağakişiyev: "Belə tədbirlər Azərbaycanın adını ucaldır. Necə deyərlər, dövlətimizin adını bütün dünyada tanıdır. Şübhəsiz ki, bunun mənfi tərəfləri də var. Yolların bağlı olması universitetlərə gedib-gələn zaman maneə yaradır".
Şəhər sakini Kamran Məmmədov: "Yarışlarla bağlı həm neqativ, həm pozitiv fikirlərim var. Pozitiv fikirlərim bundan ibarətdir ki, ölkəmiz tanıdılır, vətəndaşlar üçün yeni iş yerləri açılır, maraqlı hadisələr yaşanır. Neqativ fikirlərim isə gediş-gəlişdə bir az narahatlıqlar yaranır, yollarda ağır tıxaclar olur. Şəxsən mənim üçün də işə gedib-gəlmək çətin olur. Yolların bağlanmasına görə hər gün bir kilometr əlavə məsafə qət etmək məcburiyyətində qalıram.
Düşünürəm ki, belə yarışlar əhalinin az məskunlaşdığı, daha açıq ərazilərdə keçirilsə yaxşı olar".
Şəhər sakini Ziya Yaqubzadə: "Yarışlarda mən özüm də könüllü kimi iştirak etmişəm. Əslində ölkəmiz üçün çox önəmli tədbirdir. Ölkəmizin tanıdılması üçün çox gözəl şəraitdir. Lakin hamının bildiyi kimi yollarda çox problemlər yaşanır. Şəxsən mən Bayıl ərazisində yaşayıram və mənim üçün işə gedib-gəlmək çox çətin olur. Tövsiyə edərdim ki, bu cür yarışlar bölgələrimizdə keçirilsin".

Şəhər sakini Xəyalə Süleymanova: "Deyərdim ki, bu yarışın üstünlüyü çoxdur. Ölkəmiz qlobal səviyyədə tanınır. Məsələn, əvvəlki illərdə xarici vətəndaşın yanında Azərbaycan deyəndə tanımırdı, indi isə ölkəmiz kifayət qədər tanınır. Burada "Avroviziya", "Formula-1" kimi beynəlxalq tədbirlərin rolu böyükdür. Bununla yanaşı turizm inkişaf edir, ölkəyə xarici valyuta daxil olur. Yolların bağlı olması isə sözsüz ki, mənfi cəhətdir. Ümumilikdə bir vətəndaş kimi bizi az narahat etsə də, ölkəmizin qlobal statusuna görə bu tip yarışlar keçirilməlidir".
Şəhər sakini Mirzə Məmmədov: "Azərbaycan üçün "Formula-1" yarışlarının keçirilməsi müsbət addımdır. Ölkəmizə turistlər axın edir. Gənclərimiz üçün müxtəlif imkanlar yaradılır. Fikrimcə,bu cür yarışlar ölkəmizə xüsusi olaraq böyük töhfə verir".
Şəhər sakini Günel Əliyeva: "Məncə "Formula-1" bizi Avropada tanıdan bir yarış növüdür. Sadəcə bir az müddəti çoxdur deyə bəzən bezdirici ola bilir. Əksər vətəndaş kimi mən də tıxaclardan narazıyam".

Şəhər sakini Samirə Şükürova: "Artıq neçə illərdir ki, davam edən yarışlar ölkəmizin tanınması, ölkəyə xarici vətəndaşların cəlb olunması baxımından çox müsbət hadisədir. Eləcə də xarici ölkələrdə adımızın tez-tez hallanması çox gözəl haldır. Təbii ki yüngül problemlər hər işdə olduğu kimi burada da olur. Ümid edirəm ki, gələcək illərdə məsələ ilə bağlı alternativ yollara üz tutular".
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB