Davos forumu Azərbaycanla əməkdaşlıq üçün möhkəm siyasi platformadır
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Qeyd edilməlidir ki, builki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da Forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.
İqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır.
Dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə isə postmüharibə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzində olacaq.
Azərbaycan artıq Dünya İqtisadi Forumunda mütəmadi olaraq iştirak edən ölkələrdən biri kimi tanınır. Davos Forumunda Azərbaycanın təcrübəsi cənab Prezident İlham Əliyev tərəfindən uğurla təqdim olunub. Azərbaycan Davos Forumunu ona görə seçib ki, ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətləri orada öz tərəfdaşları ilə birlikdə müzakirə predmetinə çevirsin. Bu nailiyyətləri Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan ölkələrə çatdırsın. Biz görürük ki, əvvəllər – təxminən 15 il bundan qabaq Azərbaycan Davos Forumunda ilk addımlarını atırdı. Forumun panellərində müzakirələr əsasən neft-qaz sektoru üzərində fokslaşırdısa, artıq Azərbaycanla olan təmaslar ölkəmizin qeyri-neft, nəqliyyat sektoru və digər dövlətlərlə neft gəlirlərinin şaxələndirilmiş iqtisadiyyatın başqa sahələrinə investisiya maraqları üzərində qurulub. Ən böyük əhəmiyyət bunun dünya ictimaiyyətinə və iqtisadiyyatı neftdən asılı olan ölkələrin Azərbaycan təcrübəsindən yararlanması aspektində çatdırılmasıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsində də qeyd etdiyi çox maraqlı məqamlardan biri ondan ibarətdir ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır: “Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi. Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir.”
Ümumiyyətlə, biz neft-qaz sektorundan əldə etdiyimiz gəlirləri heç vaxt hədər yerə xərcləməmişik və onlardan mümkün qədər daha çox faydalanmağa çalışmışıq. Onları hətta neft sektoruna yatıranda belə bunların faydalılıq əmsalının daha da yüksək olmasına səy göstərmişik. Bunlara misal kimi neft-qaz infrastrukturuna yönəldilən xərcləmələrdir ki, bu, hətta bizim özümüzün karbohidrogenlərimiz tükənsə belə, qonşu ölkələrin ehtiyatlarının dünya bazarlarına çıxarılmasında istifadə edilərək Azərbaycana dividendlər gətirəcək.
Arzu Əliyeva
YAP Pirallahı rayon təşkilatıAparatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB