Qanun yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsinə təkan verəcək

Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən Azərbaycan hər yeni təcrübənin tətbiqində, təkmilləşmədə maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Son zamanlar, ölkəmizdə həyata keçirilən davamlı və sistemli islahatlar nəticəsində bütün sahələrdə yüksək inkişaf göstəriciləri müşahidə olunur. Azərbaycan Respublikası iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Bu, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin nümayişidir. Son 19 ildən artıq dövrdə Ümumilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin demokratik islahatlar sahəsində atdığı addımlar davamlılığı ilə diqqətdədir. İqtisadi və siyasi islahatların paralelliyi ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi. Hər bir inkişafın əsasında sabitliyin və iqtisadi tərəqqinin dayandığını önə çəkən Azərbaycan siyasi islahatların qaçılmazlığını da bildirir. Ölkəmizin demokratiya təcrübəsi daim nümunə göstərilir.

Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi proseslərin düzgün tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əvvəla, bu qanunun hazırlanmasında beynəlxalq təcrübədən istifadə edilmiş, müvafiq beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmışdır. Digər tərəfdən isə zamanın tələbi olaraq, dünyada cərəyan edən proseslərin konteksində ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən müvafiq addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını zəruri edirdi. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər. Məlumdur ki, artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl 1992-ci ildə qəbul edilmişdir. Lakin bu illər ərzində ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan siyasi partiya nümayəndələrinin müraciəti də zərurətdən doğan addım idi.

Həmçinin “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi ilə bağlı Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğu aparılıb. Sorğu zamanı vətəndaşların 40 sual ətrafında mövqeyi öyrənilib. Sorğu iştirakçıları arasında gender bərabərliyi təmin olunub. Ötən il oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.

Əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

“Siyasi partiyalar haqqında” yeni Qanun siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradacaq, onların nüfuzunun daha da yüksəlməsinə ciddi təsir edəcək. Şübhəsiz ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış strateji əhəmiyyətli addım kimi səciyyələndirilə bilər. Yeni qanun layihəsi hazırlanarkən 24 ölkənin, o cümlədən Avropa ölkələrinin də təcrübəsi öyrənilib.İnanırıq ki, yeni qanun siyasi partiyaların fəaliyyəti üçün əlavə stimul olacaq və onlar arasında sağlam rəqabət mühiti yaranacaqdır.

Arzu Əliyeva

YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə