Azərbaycan Respublikasının beynəlxalq nüfuzu gücləndikcə, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra onun dostlarının və tərəfdaşlarının sayı davamlı olaraq artır. Belə dost və tərəfdaşlarımızdan biri də Balkanlarda əhəmiyyətli statusa malik olan Serbiya Respublikasıdır. Son bir neçə ildə bu ölkə ilə ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlığın əsası qoyulub. Bütün bu genişləndirilmiş əlaqələr Ali Baş Komandan Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət, həyata keçirdiyi beynəlxalq iqtisadi layihələrin nəticəsidir ki, bir çox Avropa dövlətləri ilə Azərbaycan arasında sıx dostluq əlaqələri yaranmış, strateji müttəfiqlik müqavilələri imzalanmışdır. Azərbaycanın bir sıra Avropa dövlətlərinə qaz ixracı ilə yanaşı, elektrik enerjisi də ixrac etməsi bu ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır.
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Ölkələr arasında əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bu il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri arasında telefon danışığı olub. Telefon danışığı zamanı ölkə başçıları arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.
Bu bir həqiqətdir ki, bu gün Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük iqtisadi potensial mövcuddur. Belə ki, ötən illərdə iki ölkə arasında ticarət dövriyyəsi artan xətlə inkişaf edib. Hətta Azərbaycan şirkətləri Serbiyada infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak ediblər. Lakin bütün bunlar mövcud potensialı tam əks etdirmir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əldə edilmiş razılaşmaların icrası nəticəsində gələcəkdə ticarət dövriyyəsinin daha iri həcmdə artması nəzərdə tutulub.
Serbiya ilə Azərbaycan strateji tərəfdaş dövlətlərdir və bu sahədə bir çox mühüm sənədlər imzalanmışdır. Hər iki dövlət hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Təəssüflər olsun ki, bu gün dünyada beynəlxalq hüququn normaları pozulur və hələ də ikili standartlar mövcuddur. Həm Azərbaycan, həm də Serbiya bu ikili standartlardan əziyyət çəkmiş dövlətlərdir. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən Serbiya investisiyalı 4 şirkət qeydiyyatdan keçib. Azərbaycanın isə “AzVirt” şirkəti Serbiyada yol infrastrukturu layihələri həyata keçirir. Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir
Azərbaycanla Serbiya arasında tərəfdaşlığın daha bir istiqamətini enerji sahəsində əməkdaşlıq təşkil edir. Bu məsələ ölkəmizin başçısının noyabr ayında Serbiyaya rəsmi səfəri zamanı da müzakirə edilmişdi. Yəni, neft və qazla bərabər, tezliklə Azərbaycandan Avropaya elektrik enerjisi də ixrac olunacaq. İxrac edəcəyimiz ölkələrdən biri və mühümü isə Serbiyadır. Bundan başqa, müdafiə sənayesi istiqamətində əməkdaşlıq nəzərdə tutulub. Xüsusilə hər iki ölkənin silahlı qüvvələri silah-sursat təchizatında istehsal etdikləri məhsulların mübadiləsini də həyata keçirəcəklər.
Həm Serbiyada, həm də Azərbaycanda ikitərəfli müqavilələrin imzalanmasından sonra dövlətlər arasında ticarət dövriyyəsi sürətli şəkildə artacaq. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də imzalanmış müqavilələr mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya dövlətlərinin müvafiq qurumları arasında bu sahədə təmaslar da yaradılmışdır.
Bütün bunlar demeyə imkan verir ki, bu gün Azərbaycanın nəyinki Serbiya dövlətilə, demək olar ki, bütün Avropa ölkələri ilə sıx əməkdaşlıq və dostluq əlaqələri var və günü gündən genişlənir.
ARZU ƏLİYEVA
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB