2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş verən və Azərbaycanın qeyd-şərtsiz qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni geosiyasi vəziyyət formalaşdı. Azərbaycanın maraqlarına cavab verən bu vəziyyət ölkəmizin dünyada dayaqlarının güclənməsinə münbit şərait yaratdı. Bununla yanaşı, beynəlxalq arenada baş verən bəzi hadisələr və ölkəmizin bu günə qədər atdığı uzaqgörən addımlar nəticəsində bu gün Azərbaycana olan münasibət əvvəlkindən çox daha fərqlidir. Dəfələrlə müxtəlif beynəlxalq toplantılarda bu reallıq açıq şəkildə müşahidə olunmuşdur. Hazırda ölkəmizlə yaxın əlaqələr qurmaq, tərəfdaşlıq etmək istəyən ölkələrin sayı günü-gündən artmaqdadır. Bütün bunların nəticəsidir ki, 2022-ci il ərzində ölkə başçımız Avropadan ən çox arzuolunan liderlərdən birinə çevrilmiş, bir çox xarici səfərlər reallaşdırmış, bu səfərlərdə onlarla sənəd imzalanmış və bir çox beynəlxalq konfrans və simpozyumlarda çıxışlar etmişdir.
İl ərzində Azərbaycan Prezidentinin reallaşdırdığı səfərlərdən biri də ötən ayın bugünlərində Serbiya Respublikasına olmuşdur. Olduqca səmimi anlarla yadda qalan səfərdə bir çox sənədlər imzalanmış, səmərəli görüşlər keçirilmişdir. O cümlədən, iki ölkə arasında Birgə Bəyanat və strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandum imzalanmışdır. Bu əməkdaşlığın yeni müstəviyə qaldırılması deməkdir. Beləliklə, hazırda iki ölkənin münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd etsək yəqin ki, yanılmarıq. Serbiya Prezidenti cənab İlham Əliyev haqqında həmişə “Serbiyanın əsl dostu” olaraq bəhs edir, onun fəaliyyətini yüksək dəyərləndirdiyini açıq etiraf edir. Bununla yanaşı Prezident Vuçiç vurğulamışdır ki, ölkələrimiz arasında güclü və səmimi dostluq münasibətləri mövcuddur. Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil. Onu da qeyd etmək zəruridir ki, Azərbaycan və Serbiya Respublikalarının bir çox bənzər xüsusiyyətləri vardır. Hər iki ölkə öz ərazi bütövlüyünü qətiyyətli şəkildə qoruyub saxlayır və bir-birinə beynəlxalq arenada, beynəlxalq təsisat və təşkilatlarda BMT Nizamnaməsinə və beynəlxalq ictimai normalara əməl edərək dəstək olur. İndiki şəraitdə bu çox vacib və dəyərlidir. Dövlət başçımızın ötən ay rəsmi Belqrada səfərindən cəmi bir ay sonra Serbiya Prezidentinin ötən gün ölkəmizə səfəri baş tutmuşdur. Qısa zaman kəsiyi ərzində reallaşan qarşılıqlı səfərlər ölkələrimiz arasındakı münasibətlərin intensivliyindən xəbər verir. Səfər çərçivəsində liderlərin təkbətək görüşü baş tutmuş və liderlər mətbuata bəyanatlarla çıxış etmişdir. Mətbuat konfransında Serbiya prezidentinin ölkəmiz və onun lideri ilə bağlı dedikləri təbiidir ki, hər birimizdə xüsusi qürur və fərəh hissləri yaratdı. A.Vuçiçin Azərbaycanda reallaşan sürətli inkişafın müasir dünyada yalnız çox az ölkələrdə olduğunu və bunun sadəcə neft və ya qaz ehtiyatları hesabına baş vermədiyini qeyd etməsi çıxışda xüsusi önə çıxan nüanslardan biri idi. Sitat: “Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olduğundan xəbər verir”. Maraqlıdır ki, dünyada bir çox lider öz həmkarı haqqında belə fikirlər söyləməkdən çəkinir. Cənab A.Vuçiçin bu etirafı bu mənada xüsusi diqqətə və təqdirə layiqdir.
Sözügedən mətbuat konfransında ölkə başçımız çıxış edərək Serbiya və Azərbaycanın strateji tərəfdaşlar olduğunu bir daha vurğulamışdır. O da qeyd edilmişdir ki, əlaqələrimizin dinamikası çox müsbətdir. Bəli, məlumdur ki, iqtisadi münasibətlər siyasi münasibətlər üzərində qurulur və burada ölkə liderləri arasındakı dostluq münasibətləri çox önəmlidir. Ancaq təəssüf ki, ölkələrimizin 25 illik diplomatik və dostluq münasibətlərinə rəğmən, ikitərəfli iqtisadi əlaqələrin mövcud durumu bu dostluğu o qədər də ifadə etmir. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi 8,1 milyon idxal, 1,7 milyon ixrac olmaqla 10 milyon ABŞ dollarına yaxındır, Serbiya Azərbaycanın xarici ticarət tərəfdaşları içərisində 68-ci yerdədir. Təbii ki, bu göstəricilər özündə ölkələr arasındakı siyasi dostluğu tam mahiyyəti ilə ehtiva etmir. Amma cari ilin yanvar-oktyabr aylarında, əvvəlki ilin müvafiq dövrünə nisbətən ticarət dövriyyəsi 28 faizə yaxın artmışdır ki, bunu da Serbiya-Azərbaycan iqtisadi əlaqələrinin uzunmüddətli perspektivinin ilk işartısı hesab etmək olar. Mövcud rəqəmlər o qədər cəlbedici olmasa da, iki ölkə arasında iqtisadi münasibətlər üçün çox geniş imkanlar mövcuddur. Ölkələrimiz arasında artıq energetika və qaz ixracı ilə bağlı razılaşmalar imzalanıb. Bununla yanaşı, qeyri-enerji, qeyri-neft sahəsinə dair də geniş imkanlar mövcuddur. Azərbaycan Avroatlantik məkanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrildiyi kimi, Serbiya da Avropanın çox mühüm nəqliyyat qovşağıdır. Bu baxımdan, Azərbaycan-Serbiya nəqliyyat-logistika əlaqələri uzunmüddətli perspektivlər vəd edir və ölkəmizin Serbiya üzərindən Avropada daha geniş bazara çıxış imkanlarını artıra bilər. Eyni zamanda, Serbiyanın müdafiə sənayesi sahəsində ciddi uğurları var. Bu istiqamətdə də Azərbaycan-Serbiya münasibətləri perspektiv vəd edir. Beləliklə, Azərbaycan-Serbiya iqtisadi münasibətləri üçün zəngin perspektivlər və etibarlı siyasi dayaq mövcuddur. Azərbaycan öz imkanlarını, potensialını bölüşməyi bacaran və ən əsası potensial imkanlarını siyasi təsir vasitəsinə çevirməyən, multikultural bir dövlətdir. Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Serbiya arasında iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf edəcəyinə əminlik yaradır.
Aysel Qəribli
Pirallahı rayon MKTB-nin əməkdaşı, YAP Pirallahı rayon təşkilatının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB