Üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaq - ŞƏRH

“Milli suverenliyimizin simvolu kimi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət bayrağı günü bayram kimi qeyd edilir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, üçrəngli bayrağımız Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir: “Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır. Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini–qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır. Müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. 30 illik həsrətdən sonra bu gün üçrəngli bayrağımız doğma Qarabağımızda – Şuşada, Xankəndidə, Xocalıda, Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında dalğalanır. Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə