Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 4-də İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ərdoğan noyabrın əvvəlində NATO ilə gündəmdə olan sıx diplomatik gediş-gəliş həyata keçirəcək. Türkiyə prezidentinin noyabrın 4-də İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqi qəbul etməsi planlaşdırılır.

Görüş zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələrin müzakirə ediləcəyi gözlənilir.

Ərdoğan ötən gün telefonla danışdığı İsveçin baş naziri Ulf Kristerssonu da noyabrın 8-də Ankarada qəbul edəcək. Görüşdə Türkiyə-İsveç münasibətləri ilə yanaşı, İsveçin NATO-ya üzvlük prosesinin də müzakirə ediləcəyi nəzərdə tutulur. Ərdoğan dünənki telefon danışığında Ulf Kristerssona İsveçin yeni baş naziri olması münasibətilə təbriklərini çatdırıb. Oktyabrın 19-da ona göndərdiyi məktuba toxunan Ərdoğan Ulf Kristerssonu Ankarada qonaq etməkdən məmnun olacağını bildirib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə