Cənab Prezident tərəfindən BASKALDA VERİLƏN MESAJLAR - TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrə səfərləri hər dəfə yaddaqalan olur və ölkə rəhbəri öz səfərləri zamanı çox ciddi mesajlar verir. Xüsusən də, öz mənfur əməllərindən, separatçılıq, terrorçuluq əməllərindən əl çəkməyən ermənilər üçün ünvanlanan mesajlar ölkə başçısının qətiyyətindən, siyasi iradəsindən xəbər verir, hansı ki, bunu düşmənlər çox yaxşı başa düşürlər. Başa düşürlər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, qətiyyət, siyasi iradə sahibidir və dəmir yumruq da öz yerindədir.

Regionlara növbəti səfəri çərçivəsində cənab Prezident İlham Əliyev Baskal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verərkən də eyni şəkildə qətiyyət nümayiş etdirib və Ermənistan tərəfinə ciddi mesajlar verib. Cənab Prezident bu səfəri zamanı verdiyi müsahibəsində postmünaqişə reallıqları fonunda baş verən hadisələr barədə də fikirlərini açıq-aydın şəkildə ifadə edib. Bu dəfə də ölkə rəhbərinin çıxışı, hər zaman olduğu kimi diqqət çəkib və eyni şəkildə böyük marağa səbəb olub.

Cənab Prezident ermənilərin, separatçıların, terrorçuların təxribatlarına cavab olan “Qisas” əməliyyatına da toxunub və bu əməliyyatın cəza tədbiri olduğunu bildirib. Bildirib ki, cəmi bir neçə saat davam edən əməliyyatlar səbəbsiz deyildi və separatçıların, terrorçuların təxribatları nəticəsində bizim şəhidimizin axan qanı onlara çox baha başa gəldi. Ölkə rəhbəri bəyan edib ki, ermənilər bunu heç zaman unutmamalıdırlar. Bu isə o deməkdir ki, ermənilər bu “Qisas” əməliyyatından dərs almalı, səhvlərə, yanlışlıqlara bir də yol verməməlidirlər və əks halda onlar bununla bir daha qarşılaşmalı olacaqlar. “Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”, deyən ölkə rəhbərimiz “Qisas” antiterror əməliyyatının eynisinin, təkrarının bundan sonra daha geniş şəkildə ola biləcəyi barədə öz mesajını verib.

Həqiqətən də “Qisas” əməliyyatı uzun sürmədi, amma təxribat törədənlərdən tutmuş, sıravi ermənilərə qədər hamısı böyük qorxu yaşadılar. Əvvəla ona görə ki, Azərbaycan Prezidentinin qətiyyətinə, siyasi iradəsinə, Azərbaycan Ordusunun şücaətinə və xalqımızın birliyinə, həmrəyliyinə onların zərrə qədər şübhələri qalmayıb və 44 günlük müharibə və qazandığımız zəfər onlarda qətiyyən şübhə yeri qoymayıb. Onlar bilirlər ki, Azərbaycan Ordusu öz ərazisində hər an istənilən əməliyyatı keçirə bilər və bu zaman vəziyyətləri hədsiz dərəcədə ağır olar. Digər tərəfdən də, regionda maraqlı qüvvələrin belə bu əməliyyatlar zamanı müşahidəçi mövqe nümayiş etdirdiklərinin ermənilər şahidi oldular və kimsənin onların yardımına gəlməyəcəyinə əmin oldular. Əmin oldular ki, mənfur əməllərinin cavabı olaraq Azərbaycan tərəfi antiterror əməliyyatı keçirəcəyi təqdirdə kimsə kömlərinə yetişməyəcək, itkiləri həddən artıq çox olacaq və deməli, qorxuları da bu baxımdan səbəbsiz deyil. “Qisas” əməliyyatının öz missiyasını uğurla başa vurduğu isə əməliyyat sonrası baş verənlərdə öz təsdiqini tapdı.

Bildiyimiz kimi, 44 günlük müharibədə rüsvayçı məğlubiyyətlə qarşılaşan Ermənistan tərəfi postmüharibə dövründə uğursuzluğunu, zəifliyini gizlətməyə çalışdı. Məğlubiyyətlərini gah Paşinyanın, gah mövcud hakimiyyətin ayağına yazan, gah da orduda olan qarışıqlıqla əlaqələndirməyə çalışanlar postmüharibə dövründə guya ki, ermənilərin “qorxmaz”, “cəsur” obrazlarını yaratmağa çalışdıqlarını müşahidə etməmək mümkün deyildi. Məhz müharibə bitdikdən sonra canlarını qurtaran ermənilərin özlərinə dırnaqarası “qoçaq” obrazı yaratmaq istəməsi, bunun üçün əldən-ayaqdan getməsi həm təəccüblü, həm də gülünc görünsə də, bu, fakt olaraq göz önündə idi. Ermənistan tərəfi hay-küy, qıy-qışqırıqla heç olmasa psixoloji üstünlük əldə etməyə çalışdığı da bəlli idi. Məsələ burasındadır ki, sonuncu əməliyyat, “Qisas” əməliyyatı onların bu niyyətlərini, arzularını da puç etdi və yalandan da olsa yaratmaq istədikləri “cəngavər” obrazını bir daha dağıtdı. Psixoloji üstünlük qazanmaq istəklərinin də gerçəkləşməsinə izn verilmədi.

Ölkə rəhbəri Baskal qəsəbəsinə səfəri zamanı verdiyi müsahibədə ermənilərin əldə etmək üçün dəridən-qabıqdan çıxdıqları status məsələsi barədə də qəti şəkildə mövqeyini ortaya qoydu və bildirdi ki, Qarabağda ermənilərin heç bir statusu olmayacaq! Prezident bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə də müstəqilliyi. Cənab Prezident onu da bəyan etdi ki, ümumiyyətlə, ermənilərin hansısa xüsusi imtiyazı da olmayacaq. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları necə, onlar da elə olacaq və Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaq və heç bir statusdan söhbət belə gedə bilməz.

Cənab Prezident İlham Əliyevin status barədə verdiyi mesajlar həm də onun uzaqgörənliyinin bariz nümunəsidir. Məsələ burasındadır ki, Azərbaycan ərazisində yaşayacaq ermənilər bu zamana qədər ərazilərimizdə yaşayan etnik qruplardan artıq statusa heç zaman malik ola bilməzlər və bu ədalətsizlik olar, hansıki buna da cənab Prezidentin yol vermədiyini hər kəs gördü. Ərazilərimizdə yaşayacaq ermənilərə hansısa statusun verilməyəcəyi barədə mesaj verilməsi çox düşünülmüş addım oldu. Bu gün Azərbaycan ərazisində yaşayan etnik qruplar, ləzgilər, avarlar, talışlar və digərləri ölkə rəhbərinin ədalətinin, prinsipiallığının şahidi oldular. Şahidi oldular ki, müharibə zamanı qanlarından, canlarından keçməyə hazır olan, canlarını əsirgəməyən etnik qrupların vahid Azərbaycan uğrunda xidmətləri qiymətləndirilir və heç bir topluma onlardan üstün status verilməsinə izn verilməyəcək. Cənab Prezidentin status barədə qeyd etdikləri buna ən tutarlı sübutdur və ən böyük əminlik deməkdir. Ona görə əminlik deməkdir ki, ölkə başçısı bu məsələdə israrlıdır və bu gün rəsmi Bakıdan ermənilərə xüsusi imtiyazın verilməsini tələb edənlərin gələcəkdə ölkə daxilində yeni etnik qarşıdurmalar yaratmaq istəkləri də ürəklərində qaldı və özləri də bildilər ki, Azərbaycanın unitar bütünlüyünü pozacaq hansısa bir addım heç bir halda qəbul edilməz.

Cənab Prezident öz müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı da çox kəskin mesajlar vermiş oldu. Ölkə başçısı hətta İrəvana vaxt qoydu və bu çox qətiyyətli addım olaraq qiymətləndirilir. Açıq-aşkar bəlli olur ki, Zəngəzur dəhlizi Prezidentin üzərində dayandığı və israrla tələb etdiyi prinsipial məsələlərdəndir. Onu da diqqətə çatdıraq ki, əslində, Zəngəzur dəhlizi 27 illik danışıqlar prosesinin gündəliyində olmayan və məhz cənab Prezidentin şəxsi təşəbbüsü ilə 10 noyabr bəyanatının mətninə daxil edilən bir məsələdir. Bu məqam da deyilənləri təsdiq edir. Təsdiq edir ki, Zəngəzur dəhlizi həm regional, həm də qlobal kontekstdə çox böyük maraq dairəsindədir və rəsmi Bakı öz mövqeyindən geri çəkilən deyil.

Ermənilərin delimitasiya komissiyası yaradılmasına əvvəlcə razı olmaması və sonra razılaşdıqlarını xatırladaq cənab Prezident bununla da çox aydın mesaj ünvanladı. Ünvanlanan mesaj o demək idi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına da gec-tez razılıq verəcək. “Əl çəkin ərazi iddialarından və əgər əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı”, deyən ölkə başçımız bununla çox kəskin şəkildə bəyan etdi ki, ərazi iddialarından əl çəkməyəcəkləri təqdirdə qarşılaşacaqları da onlar üçün ağrılı olacaq. Heç şübhəsiz ki, ermənilər cənab Prezident İlham Əliyevin mesajlarından öz “paylarını” artıq götürüblər və əminlikdə demək olar ki, nəticə də çıxarıblar, hətta razılaşacaqları qənaətinə də gəliblər.

Bir sözlə, ölkə rəhbərimiz hər səfərində olduğu kimi, bu dəfə də Baskal səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ermənistan tərəfinə tutarlı mesajlar verdi. Ən yaxında bu mesajların təsirini hiss edəcəyimizə zərrə qədər şübhəmiz yoxdur. Əvvəla ona görə ki, ölkə başçımızın qətiyyətinin bir daha şahidi oldular və Azərbaycanın gücünə, Azərbaycan Prezidentinin siyasi iradəsinə bələd olanlar kimi öz işlərini yaxşı başa düşdülər. Digər tərəfdən də ermənilər bilirlər ki, onların başqa çıxış yolları yoxdur və Azərbaycanın tələbləri, ölkə başçımızın qoyduğu şərtlərlə razılaşmaq məcburiyyətindədirlər, hansı ki, bu məqam da onlara bir daha xatırladıldı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə