Azərbaycan kimi dövlətlə əməkdaşlıq yalnız uğur gətirə bilər - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"ABŞ-ın mövcud mürəkkəb geosiyasi reallıqlar çərçivəsində Azərbaycanın müstəqilliyinə və suverenliyinə öz dəstəyini bir daha ifadə etməsi mesaj xarakteri daşıyır və şübhəsiz ki, həm qarşılıqlı münasibətlərin, həm də regional proseslərin perspektivi baxımından mühüm əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin Azərbaycanın dövlət başçısına ünvanladığı məktubda ölkəmizin müstəqilliyi və suverenliyinə ifadə olunan dəstəklə yanaşı, rəsmi Vaşintonun Cənubi Qafqaz və trans-Xəzər regionunda təhlükəsizliyin təmin edilməsinə, iqtisadi fəallığın və kommunikasiyaların bərpa olunmasına kömək etməyə hazır olduğunu bildirməsi, rəsmi Bakının regionun gələcəyilə bağlı mövqeyi ilə üst-üstə düşür: "Bu yanaşma, əslində Azərbaycanın regionda oynadığı rolun nə qədər mühüm əhəmiyyət daşıdığını ifadə edir".

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən bütün regional və qlobal layihələrdə ölkəmiz özünün ən müsbət tərəflərini göstərib, qlobal məsuliyyətini dərk edən bir dövlət olduğunu nümayiş etdirib: "Prezident İlham Əliyevin “Bizim sözümüz imzamız qədər keçərlidir” deyimi, əslində Azərbaycanın dövlət başçısının xarakterini və təbii ki, xalqımızın, dövlətimizin ənənələrə sadiqliyini nümayiş etdirir. Belə olduğu təqdirdə, Birləşmiş Ştatların qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətlərini daha da genişləndirmək arzusunda olduğunu bəyan etməsini də təbii qəbul etmək lazımdır. Çünki öz siyasətini beynəlxalq hüquq və ədalət prinsipləri üzərində quran, qlobal məsuliyyətini dərk edən, beynəlxalq münasibətlər sistemində müstəqil siyasəti və obyektiv mövqeyi ilə etimad qazanan bir dövlətlə əməkdaşlıq yalnız uğur gətirə bilər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə