Litva ilə əməkdaşlığımızın səviyyəsindən məmnunuq- Prezident İlham Əliyev

Əminəm ki, səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəkdir. Biz əməkdaşlığımızın səviyyəsindən məmnunuq.

SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib: "Səfəriniz çərçivəsində bir sıra tədbirlər baş tutacaq ki, onların arasında biznes forum da var. İşgüzar dairələrimiz arasında praktiki fəaliyyətlə bağlı qarşılıqlı böyük maraq var.

Əlbəttə, siyasi əlaqələrimiz, siyasi dialoq və regional vəziyyət bu gün müzakirə edəcəyimiz məsələlər sırasındadır və mən həqiqətən də şadam ki, biz Bakıda görüşmək imkanı əldə etmişik. İki il bundan öncə bizim videokonfrans vasitəsilə görüşümüz oldu. Mən bu təşəbbüsə görə minnətdaram, bu, bizim ilk tanışlığımız idi. Bu gün isə Sizi qəbul etməyimdən məmnunam. Əminəm ki, özünüzü Azərbaycanda evinizdəki kimi hiss edəcəksiniz və buradan xoş xatirələrlə ayrılacaqsınız. Bir daha xoş gəlmisiniz, səfərinizin xoş keçməyini arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə