Azərbaycan-İran münasibətləri yüksək templə davam edəcək - POLİTOLOQ ŞƏRH ETDİ

"Bu gün Azərbaycan-İran münasibətləri demək olar ki, normallaşır. Çünki həm müharibədən öncəki, həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə İranda bəzi qüvvələr daha çox ermənipərəst mövqelərini nümayiş etdirdilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, bunların içərisinə təəssüf ki, hərbi elitaya da daxil olanlar var idi: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışından sonra birdən-birə İbrahim Rəisi başda olmaqla İranın normal düşüncəli dövlət adamları İranda olan müəyyən qüvvələrin qarşıdurmaya apardığını dərk etdilər və birdən-birə kəskin dönüş etdilər. Təbii ki, qonşu bir dövlət ilə müəyyən problemlər yaşanmasını Azərbaycan da istəmirdi. Unutmaq olmaz ki, uzun müddət ərzində Naxçıvana bütün yollar İrandan keçir. Burada bəzi qüvvələr nə qədər mane olmağa çalışsa da, İran bu addımı atıb və bunu unutmaq olmaz. Çox xoşdur ki, son zamanlar münasibətlər həddən artıq müsbət müstəvidə hərəkət edir.

İranın yol nazirinin Azərbaycana səfəri, Azərbaycan baş nazirinin müavininin, Azərbaycan müdafiə nazirinin İrana səfəri, Astarada körpünün tikilməsi, İran təyyarəsinin ilk dəfə Füzuli hava limanına enməsi diqqətdən qaçan məsələlər deyil. Bundan başqa ən xoş olan məsələlərdən biri də odur ki, Zəngilanda Təbriz Traktor zavodunun filialı inşa ediləcək. Yəni bizim İran ilə olan əvvəlki müsbət münasibətlərimiz yeni məcrada inkişaf edəcək. Bildiyimiz kimi Azərbaycan və İran arasında ortaq su-elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Azərbaycan ilə İranın ortaq layihələri çox olacaq. Azərbaycanın İran üzərindən Fars körfəsinə çıxışı təmin olunacaq. O cümlədən İranın Azərbaycan üzərindən Rusiyaya və Avropaya çıxışı məsələsi gündəmdədir. Bir sözlə, birgə görüləcək işlər çoxdur. Həm Azərbaycan tərəfi, həm də İran tərəfi bunu yüksək səviyyədə qəbul edir. Etiraf etmək lazımdır ki, Azərbaycan və İran dövlət başçılarının bu məsələdə rolu böyükdür. Zaman-zaman gərginliklər olsa da, amma düşünürəm ki, artıq bu gərginliklər geridə qaldı. İnanıram ki, Azərbaycan-İran münasibətləri yüksək templə davam edəcək".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə