Şuşa incəsənətimizin beşiyidir - POLİTOLOQ MÖVQE BİLDİRDİ

“Bu il yanvarın 5-də dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan şuşa şəhərinin 270 illiyi təntənə ilə qeyd olunacaq”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Züriyə Qarayeva qeyd edib ki, sərəncamın verilməsi həm də bu il Şuşada, eləcə də işğaldan azad edilmiş digər bölgələrimizdə böyükmiqyaslı quruculuq işlərinin aparılmasından xəbər verir: “Sərəncamda qeyd olunduğu kimi, Şuşa şəhəri bizim üçün mənəvi baxımdan müqəddəs bir məkandır, Vətənimizin ayrılmaz parçasıdır. Hər qarış torpağımız bizim üçün müqəddəsdir, əlbəttə ki, ancaq Şuşanın ayrı bir mənəvi yükü var. Şuşa həm də incəsənətimzin beşiyidir. Şuşanın işğal altda qaldığı dövr Azərbaycan tarixinin qara səhifəsi idi. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal edilən Şuşa nəhayət, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimizin şücaəti ilə 2020-ci il noyabrın 8-də yağı tapdağından azad edildi. Şuşanın azad edilməsi qələbəmizin pik nöqtəsi oldu”.

Politoloq vurğulayıb ki, 2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamın imzalanması ötən ilin mayında Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi barədə qəbul olunmuş qərarın məntiqi davamı kimi qiymətləndirilə bilər: “İmzalanan hər iki sərəncam bu şəhərin ölkəmiz üçün müstəsna dəyərini göstərməsindən ziyadə, həm də siyasi mesajı ondan ibarətdir ki, biz müharibə səhifəsini geridə qoymuşuq və bundan sonra ancaq quruculuq və inteqrasiya siyasəti 8ilə məşğul olacağıq. Digər geosiyasi əhəmiyyəti isə odur ki, biz yad torpağında qəsbkarlıqla oturan düşməndən fərqli olaraq öz torpağımızı qoruyuruq, qururuq, yaradırıq. Çünki, bu həm bizim millət olaraq mədəniyyətimizdə var, həm də öz tarixi torpağımız olduğunu dünyaya bəyan edirik. Bu qərarların hər biri bundan sonra həm Şuşamızın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verəcək, mədəniyyətimizin dünyaya çatdırılmasına xidmət edəcəkdir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə