“Prezident mesajları dəqiq ünvanlara göndərdi” POLİTOLOQ ŞƏRH ETDİ

”Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 avqust tarixində Kəlbəcər və Laçın rayonlarına tarixi-siyasi əhəmiyyət daşıyan səfər etdi”. Bunu SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, Laçın və Kəlbəcər ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən tez-tez atəşkəsin pozulması halları baş verir: “Bu ərazilərə səfər etməklə Azərbaycan dövləti və Azərbaycan Prezidentinin qətiyyətli iradəsi və gələcəyə hədəflənmiş siyasi baxışı bir daha nümayiş etdirdi. Səfər zamanı bir çox yeni tikililərin əsası qoyuldu. Xüsusilə, həm də mühüm siyasi əhəmiyyət daşıyan Laçın beynəlxalq hava limanının təməlqoyma mərasimi keçirildi. Bütün bunlar onu göstərdi ki, Azərbaycan dövləti cənab Prezidentin dediyi kimi çox sürətlə işğaldan azad edilmiş və işğal zamanı erməni vandalları tərəfindən darmadağın edilmiş, yerlə yeksan edilmiş Azərbaycan torpaqlarında yenidənqurma və bərpa işləri aparılır. Məcburi köçkünlərimizin geri qayıdışının təmin olunması istiqamətində Azərbaycan dövləti ardıcıl fəaliyyətini davam etdirir. Azərbaycan Prezidenti həm Kəlbəcər, həm də Laçın rayonları ərazisində çıxış edərkən çox maraqlı fikirlər səsləndirdi və dəqiq ünvanlara mesajlar göndərdi. Dövlət başçısı çıxışları zamanı bir çox məsələlərə toxundu, eyni zamanda Azərbaycanın qədim torpaqları ilə bağlı məsələlərə yer ayırdı. Bu gün Ermənistanın tərkibində olan lakin, qədim Azərbaycan torpaqlarının tarixi adları ilə bağlı fikirlər səsləndirdi. Həm də Azərbaycan cəmiyyətinə və dünya ictimaiyyətinə çağırış edərək tarixi adların bərpa olunmasını bildirməklə həmin torpaqların Azərbaycanın tarixi əraziləri olduğunu həm region dövlətlərinə, həm də Ermənistana və beynəlxalq ictimaiyyətə təkrarən çatdırmış oldu. Tarixi ərazilərimizdə Azərbaycan xalqının iradəsinin ziddinə olaraq Ermənistan dövləti yaradılıb. Azərbaycanın tarixi torpaqları böyük güclər tərəfindən zorla alınaraq saxta erməni dövləti yaradılıb. Bu səfərin mahiyyətində xüsusilə işğaldan azad olunmuş torpaqların sahibinin kimliyi dayanır: bu ərazidə 30 illik işğal dövründə Ermənistanın heç bir addım atmadığı dövrlə müqayisədə Azərbaycanın qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə iri həcimli layihələr həyata keçirməkdədir. Torpağın sahibinin kim olduğunu bir daha dünya ictimaiyyətinə və region dövlətlərinə çatdırmış oldu. Hesab edirəm ki, Azərbaycan Prezidentinin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcərə və Laçına səfəri həm də Ermənistan üzərindən Qarabağda , bölgədə oyunlar qurmaq istəyən havadarlarına mesaj idi. Eyni zamanda həmin qüvvələri baş verən hadisələrə real yanaşmağa çağırış idi. Bir daha mesaj verildi ki, Azərbaycanın maraqlarını tapdalayaraq kimsə öz oyunlarını qura bilməz. Buna cəhd olunacağı təqdirdə həmin oyunlar uğursuzluqla nəticələnəcək”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...