Putin-Bayden görüşünə POLİTOLOQ BAXIŞI

ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putinin görüşü Rusiya-ABŞ arasında soyuq münasibətlərin kəskinləşməsi dönəminə təsadüf edir və Baydenin Putini qatil adlandırması, sonra da ona görüş təklif etməsi təbii ki, Vaşinqtonla Moskva arasında müəyyən dərəcədə diplomatik kanalın açıq saxlanmasına hesablanmışdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, ABŞ və Rusiya nə qədər toqquşsalar da müəyyən bir əməkdaşlıq kanalı saxlayırlar.
"Hazırda hər iki tərəf səfirlərini geri çağırıb, diplomatik korpuslarından müəyyən diplomatları deportasiya ediblər və bu onu göstərir ki, Moskva və Vaşinqton arasında əlaqələrin düzəlməsi mümkün deyil. Çünki, hər iki tərəf güc nümayiş etdirir və öz maraqları naminə mövqelərini qorumağa çalışırlar. Xüsusilə, Vaşinqton 4 il bundan əvvəlki siyasətə qayıtmaq istəyir, beynəlxalq sistemdə ABŞ Rusiyanın mövqeyini zəiflətməyə çalışır və Baydenin də mesajı budur ki, Amerika əvvəlki dönəminə qayıdır. Ona görə də Rusiyanın Yaxın Şərqdə, Şərqi Avropada apardığı siyasət təbii ki, ABŞ-ı qane etmir və Rusiyaya qarşı çox ciddi sanksiyalar tətbiq edir. Tərəflər arasında demək olar ki, konkret şəkildə siyasi müstəvidə müharibə davam edir. Bunu belə qiymətləndirmək olar. Ölkə rəhbərləri görüşsün. Avropanı seçiblər və bu görüşdə gözləntilər əlbəttə ki, dünyanın siyasi nizamına təsir edəcək. Çünki, hər iki ölkənin mövqeyi birbaşa beynəlxalq münasibətlər sisteminə çox ciddi təsir edir. Amma bu görüşdə hər hansı bir ciddi gözlənti gözlənilmir. Çünki ABŞ prezidenti heç bir güzəştə getməyəcək və ABŞ-ın məqsədi odur ki, Rusiya güzəştə getsin. Amma Rusiyanın da güzəştə getməsi gözlənilmir. Fakt olaraq belə bir görüş daha da kəskin şəkildə münasibətlərin pozulmaması üçün atılan bir diplomatik jest kimi qiymətləndirmək olar. Bu görüş üçün yalnız əlaqələr, təmaslar saxlanılır, amma tərəflərin bir-birinə qarşı sanksiyaları davam edir.
Azərbaycana təsirinə gəldikdə isə, biz bilirik ki, ABŞ və Rusiya Minsk Qrupu həmsədridir və tərəflər Minsk Qrupunu növbəti dəfə gündəmə gətirmək istəyirlər. Yəni, Qarabağ məsələsini gündəmə gətirmək istəyirlər. Düşünmürəm ki, Bayden və Putin görüşündə Qarabağ məsələsi müzakirə ediləcək. Amma Azərbaycan baxımından belə bir məsələnin də gündəmə gəlməsini də gözləmirəm. Ümumiyyətlə, Azərbaycan üçün müharibədən sonra Türkiyə ilə birgə siyasi proseslərdə ittifaq şəklində bir strategiya var. Bundan əlavə Rusiya ilə təmaslar saxlanılır. ABŞ-la da son günlər pozitiv bir gəlişmələr var. Hesab edirəm ki, Azərbaycanın Vaşinqton və Moskva ilə normal əlaqələri var və ABŞ-la Rusiya arasında davam edən problem fonunda hər hansı bir təzyiqləri olmayacaq", deyə Məhəmməd Əsədullazadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə