Hələ də susmayan ali hakimiyyət yalançısı TƏHLİL

Kaş ki, doğrudan da Ermənistanda dövlətə və xalqa xidmət edən hüquq-mühafizə, istintaq orqanları və milli təhlükəsizlik strukturları olaydı, deyə erməni cəmiyyəti indi yalnız xəyal edir. İndi ermənilər düşnürlər ki, əgər Ermənistanda həqiqətən bir vətəndaş cəmiyyəti və layiqli bir cəmiyyət olsaydı, layiqli bir hakimiyyət olsaydı, bu ölkə vətəndaşları, bütövlükdə ölkə belə bir acınacaqlı vəziyyətə düşməzdi.

Erməni cəmiyyəti hər an Nikol Paşinyanın yalanları ilə rastlaşmağa bir növ adət edib və bu ölkədə ali səviyyədə yalan adi hala çevrilib. Bir növ ermənilərin ölkənin baş naziri səviyyəsində yalanlara immuniteti yaranıb, desək yanılmarıq. Elə bil ki, bu ölkənin yalansız bir anı belə keçmir. İstər müharibə, döyüş zamanı olsun, istər atəşkəs, sülh şəraiti olsun Ermənistan səlahiyyətliləri, başda bu ölkənin baş naziri olmaqla yalansız keçinmirlər. İşğalçılıq siyasətini dövlət siyasəti hesab edən ölkə yalansız keçinə bilmir. Çünki, bu zamana qədər aldadılan, beyinləri doldurulan, bir növ zombiləşdirilən kütlə elə özü də əvvəlki yalanların, eyforiyanın acına çerilib. Bu halı da, yəni öz vəziyyətlərini, psixoloji durumlarını daha yaxşı tanıyanlar hamıdan daha çevik şəkildə nəzərə alır və növbəti yalanlarla kütlənin qulağını, beynini doldurur. Ermənistanda yalana alışan, ali hakimiyyət yalançısının vaxtaşırı pafoslu, lakin absurd fikirlərinə öyrəncəli, hətta bir növ ehtiyaclı olan əhali bunu ondan gözləyir və həzm edir də.

Ermənistanın Ombudsmanı Arman Totoyan öz sosial şəbəkə hesabında yazır ki, vətəndaşları psixoloji sarsıntıda saxlayaraq, onları təhlükədə qoyaraq, cəmiyyəti və xüsusilə sərhəd kəndlərinin sakinlərini qeyri-müəyyənlikdə saxlamaq qəbuledilməzdir. Ombudsman yazır ki, Ermənistan hakimiyyəti ictimaiyyətə Ermənistanla Azərbaycan arasındakı sərhədlərin necə təyin olunacağını ətraflı izah etməlidir. Bunun əslində nəyi izah edilməlidir və nə razılaşdırılmış sənəd gizlin deyil, nə də ki, erməni cəmiyyəti bu barədə məlumat almaq istədiyi zaman məhdudiyyətlər ola bilməz bu texnologiyalar, internetin mövcudluğu şəraitində. Yəni, istənilən erməni, hətta öz hakimiyyətinə inanmayan hərhansı Ermənistan vətəndaşı, deyək ki, Rusiyanın kütləvi informasiya vasitələrinə etibar edə bilər və məlumat almaq istədiyi təqdirdə bu ölkənin informasiya məkanının resurslarından yararlana bilər. Belə olan halda, Ermənistanın Ombudsmanı səlahiyyətlilərin, özü də Nikol Paşinyan kimi bir sözü digəri ilə üst-üstə düşməyən, daim yalanlar danışan bir hakimiyyət fırldaqçısının, yalançısının xalq arasına çıxaraq müəyyən izahatlar verməsini niyə qaçılmlaz hesab edir? Deməli, Totoyan da başa düşür və hesab edir ki, erməni cəmiyyəti növbəti yalanlara susayıb, yenə də bu cəmiyyəti yalanlarla doyuzdurmaq gərəkir və bunun da mahir bilicisi, ali hakimiyyət yalançısı Nikol Paşinyan özüdür. Bu həmin o şəxs, ali hakimiyyətdir ki, müharibə, döyüş zamanında da “qələbə aclığı” hiss edən erməni cəmiyyətini dırnaqarası “qələbələrlə”, yalanlarla yetərincə, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi Movses Akobyanın sözləri ilə desək, 100 faiz “doyuzdururdu”.

Həqiqətən də çox acınacaqlı haldır bir ölkə ictimaiyyəti üçün bu yalan aclığı, dezinformasiya ehtiyacı. Əsrlər boyu dırnaqarası “Böyük Ermənistan” xüslyası, yalanı ilə beyinləri xarab edilmiş erməni cəmiyyətinin indi niyə yalanlara ehtiyac duyduğu heç də qeyri-adi məsələ deyil. Təsəvvür edək ki, əsrlər boyu dənizdən dənizə arzularının gerçəkləşəcəyinə, öz yalanlarına ən öncə özləri inanan, 30 il özgə torpaqlarını özününkü adlandıraraq buna da az qala özü inanan, son döyüşlərdə fərarilik, qorxaqlıq edən silahlı qüvvələrini “qüdrətli” hesab edən erməni cəmiyyəti qəflətən açınacaqlı, rüsvayçı məğlubiyyət xəbərini eşidib və bu halda həmin cəmiyyətin yenə də hansısa beyin doldurucu yalanlara möhtac qaldıqları təəccüb doğurmur. Meydanlardan baş nazir postuna guya ən dəyərli seçdikləri beli çantalı bir küçə nümayişçisinin istər diplomatik müstəvidə məğlubiyyətini, təlxək obrazını, istərsə də hərbi sahədə, döyüş zamanı məğlubiyyətini görən Ermənistan vətəndaşları əbəs yerə meydanlarda bar-bar bağırmır. Bu bağırtı onların təpələrindən çıxan tüstünün səs-küylə ortaya çıxmasıdır. Onu da diqqətə çatdıraq ki, həmin bağırtıların fonunda kütləni daha çox narahat edən baş nazirlərinin qaçıb gizlənməsi və onların qarşısına çıxıb bir söz deməməsi, yəni yalanlarla aldatmaması idi. Bir növ işğalçı ölkədə kütlə Paşinyanın növbəti yalanlarını gözləyirdi və o da öz növbəsində ortalıqda peyda olanda, ələlxüsus sosial şəbəkə hesabından canlı yayımda xalqına müraciət etdiyində qarşı tərəfin yalana olan ehtiyaclarını yetərincə qarşıladı. Çünki, bu cəmiyyətin yetişdirdiyi, əsrlər boyu mental düşüncə səviyyəsində tərbiyə etdiyi, layançılıq məharəti üzrə qəhramana çevirdiyi ən mahir “usta” elə Nikol Paşinyan özü hesab olunur.

Həqiqətən xəstə cəmiyyətdir və normal cəmiyyətdə bu düşüncə tərzi doğrudan da təəccüblü hesab olunmalıdır. Bu baxımdan mövcud yanaşmanın maraq doğuracağını, hətta bunun qeyri-adi hesab ediləcəyini anlayışla qarşılamaq lazımdır, deyə düşünürəm. Ermənistan Ombudsmanının öz soaisl şəbəkə hesabındakı paylaşımında “insanların psixi problemlərini aradan qaldırmaq üçün Nikol Paşinyan hakimiyyəti izahat verməlidir”, daha dəqiq desək növbəti yalanlarla kiridilməlidir, deməsi, təsdiq edir ki, bu cəmiyyətin yalan ehtiyacından psixi problem yaşadığı elə Ombudsman səviyyəsində də qəbul və etiraf olunur.
Heç şübhəsiz ki, bir zaman Paşinyanı dindirəcək müstəntiqlər, təqsirləndirilən şəxsin ziddiyyətli, yalançı ifadələrini və əsəbi davranışlarını müşahidə etdikdən sonra onun psixoloqun köməyinə ehtiyacı olduğu qənaətinə gələcəklər. Eyni zamanda o qənaətə gələcəklər ki, müharibədə təslim olan və istefa tələbinə dirəniş göstərərək, hakimiyyət kürsüsünü dörd əllə qamarlayaraq ölkəsini təhdidlərə məruz qoyan alçaldılmış Nikol Paşinyan kinayə ilə bütün erməniləri manipulyasiyalarla, avantüra ilə ələ keçirib və hətta bunun ardınca da ələ salıb. Bu ələl salma isə ermənilərə və erməni xalqına qarşı böyük bir nifrət və düşmənçilikdir sayılacaq. Paşinyanın bu gün göstərdiyi inanılmaz hörmətsizliyi yalnız bu şəkildə izah edə biləcəklər bir zaman.

Müharibə boyu ictimaiyyəti və bütün erməniləri aldadan apikal və səriştəsiz hökumətin bir nömrəli nümayəndəsi qəflətən ortaya çıxır və döyüş sahəsindəki real vəziyyət barədə həmişə dürüst olduğunu, dürüst danışdıqlarını utanmadan bəyan edərək yeni yalanlar təqdim edir. Nəzərə çatdıraq ki, erməni mətbuatında qeyd olunduğu kimi, Nikolun bu tərzi yalnız zombilər üçün nəzərdə tutulmuşdur və ancaq erməni cəmiyyətində keçərli ola bilər. Etiraf edək ki, düşmən mətbuatında illər ərzində deyilmiş ən doğru ifadə məhz bu oldu.
Bir sözlə, ali hakimiyyət yalançısı yalan danışmağa davam edir, susmaq da bilmir. Bu adam utanmadan deyə bilər ki, ona müharibəni dayandırmaq, zamanında təslim olmaq təklifi olunmayıb. Halbuki, dəfələrlə Azərbaycan Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin bu barədə dediklərinin həmin o anormal, xəstə təxəyyüllü ermənilərlə yanaşı, normal olan bütün dünya ictimaiyyəti də şahidi oldu. Amma Nikol utanmadan deyir ki, Rusiya prezidenti Vladimir Putin belə ona hansısa xəbərdarlıq, yaxud təkliflər etməyib, halbuki, gün ərzində dəfələrlə Rusiya prezidentinə zəng etdiyini, daha dəqiq desək zəngləri ilə bezdirdiyini artıq bilməyən yoxdur. Bu adam, bu yalançı Putinin hərbi əməliyyatların dayandırılması təklifini rədd etdiyini də utanmadan yalanladı.

Bəli, yalançı Paşinyan özünü yalandan da olsa baş nazir hesab etməyə, mütəmadin yalan danışmağa davam edir. Çünki Ermənistanın praktikada dövlətə və xalqa xidmət edən hüquq-mühafizə, istintaq orqanları, eləcə də milli təhlükəsizlik orqanları yoxdur. Çünki dövləti və xalqı hər şeydən üstün tutan yüksək rütbəli hərbi rəhbərliyi yoxdur. Çünki ermənilərin layiqli vətəndaş cəmiyyəti də yoxdur. Cəmiyyətin əvəzinə isə, Paşinyanın təbliğatı, həmçinin Rusiyapərəst agentlər şəbəkəsi vasitəsilə nifrətlə doydurulmuş əhalinin fərqli qrupları və təbəqələri, qarışıq və faciə içində olan sakinlər qrupları var, hələ də susmayan ali hakimiyyət yalançısının yalanlarına möhtac qalan qruplar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə