Təhsil naziri: “4500-dən çox məktəb direktorlarının heç də hamısı öz vəzifə məsuliyyətini dərk etmir” - MÖVQE

Təhsil naziri: “4500-dən çox məktəb direktorlarının heç də hamısı öz vəzifə məsuliyyətini dərk etmir” - MÖVQE
4500-dən çox məktəb direktorlarının heç də hamısı öz vəzifə məsuliyyətini dərk etmir. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov məktəb bufetlərindəki vəziyyətlə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, bu günədək hələlik elə bir ciddi problem yaranmayıb ki, bu və ya digər məktəbdə kütləvi zəhərlənmə baş versin: "Bu çox ciddi məsələdir və mənim fikrim ondan ibarətdir ki, məktəblərin bufetlərinə ərzaq ixtisaslaşmış, xüsusi lisenziyası olan, məsuliyyət daşıyan bir və ya bir neçə müəssisə tərəfindən həyata keçirilməlidir. Əgər hər hansı bir təhsil müəssisəsi bu məsələdə öz məsuliyyətini dərk etmirsə, biz işi başqası ilə görə bilərik. Əlbəttə, bunu araşdırıb sonra qərar qəbul etmək lazımdır. Hər halda bu məsələdə 4500 adamın məsuliyyət daşımağındansa, bir neçə ixtisaslı müəssisənin məsuliyyəti daha yaxşıdır".

Təhsil naziri vurğulayıb ki, məktəb direktorları bufetlərin ərzaqla təminatına nəzarət edir. Onun fikrincə, bufetə görə məsuliyyət daşımadığını düşünən məktəb direktorları tam yalnış fikirdədirlər, bunu deyənlər isə yalan danışırlar. M.Mərdanov qeyd edib ki, onlar məktəblərdəki bufetlərin vəziyyətinə müdaxilə edə, xidmətdən narazılıqlarını bildirə bilər və istəsələr bunu bağlaya da bilərlər.

Sonra məktəblərdə I-IV sinif şagirdlərinin yeməklə təmin olunması məsələsinə münasibət bildirən nazir bildirib ki, bu sovet dövründə aid olan bir ideya olub: "Ancaq bunu bu gün məktəblərimizdə həyata keçirə bilmərik. Əvvəla nə məktəbin şəraiti yoxdur, nə də onu kim və harada həyata keçirəcəyi sual doğurur. I-IV sinfin uşağı saat 08:00-da dərsə gəlir və saat 12:00-da isə dərsdən çıxır. Onun 12:00-dək yemək yeməsi nə dərəcə məqsədəuyğundur".

M.Mərdanov bağçalarda uşaqların yemək haqqları ilə bağlı problemlərə də aydınlıq gətirib. O, "sentyabr konfransında bu barədə ətraflı məlumat verdim. Bundan sonra Maliyyə Nazirliyi ilə çox ciddi söhbətlər etdik. Bu məsələdə müəyyən irəliləyiş var, ancaq vəziyyətin hər yerdə düzəldiyini demək olmaz. Maliyyə Nazirliyinin fikri belədir ki, bizim onlara verdiyimiz rəqəmlər dəqiq deyil. Buna görə də müştərək bir qurum yaratmışıq və bu qurum yerlərdə vəziyyəti öyrənir. Rəqəmlər doğru olduğu halda bizim arzularımız həyata keçəcək", - deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə