“Azərbaycanın enerji və tranzit imkanları kifayət qədər genişdir” -DEPUTAT DANIŞDI
“II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi, rəqabətqabiliyyətliliyinin artırılması və yeni beynəlxalq tərəfdaşlıqların qurulması baxımından mühüm platformadır”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, Forum çərçivəsində ölkəmizə gələn çoxsaylı şirkət rəhbərləri ilə yeni investisiya layihələri müzakirə olunacaq, birgə layihələrin həyata keçirilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması istiqamətində razılaşmalar əldə ediləcək:
“Azərbaycanın enerji və tranzit imkanları kifayət qədər genişdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi mühüm geostrateji məkanda yerləşir. Bu amil Azərbaycanı həm regional, həm də qlobal investisiya layihələri üçün cəlbedici mərkəzlərdən birinə çevirir. Eyni zamanda, investorların ölkəmizə sərmayə yatırması üçün əlverişli və rəqabətqabiliyyətli mühitin formalaşdırılması istiqamətində də mühüm işlər görülür.
Azərbaycan ənənəvi olaraq enerji resurslarının ixracatçısı kimi tanınır. Lakin bu gün ölkəmizin iqtisadi gündəliyində yaşıl enerji xüsusi yer tutur. Bərpaolunan enerji potensialımızın inkişaf etdirilməsi və gələcəkdə yaşıl enerjinin xarici bazarlara ixracı Azərbaycanın enerji strategiyasında yeni mərhələ açır. Beləliklə, Azərbaycan təkcə ənənəvi enerji resurslarının deyil, həm də yaşıl enerjinin mühüm ixracatçılarından birinə çevrilmək imkanına malikdir.
Ötən il keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ümumi dəyəri 10 milyard dollar olan sazişlərin imzalanması və bunun 7 milyard dollarının qeyri-neft sektorunu əhatə etməsi forumun ölkə iqtisadiyyatı üçün əhəmiyyətini göstərən mühüm göstəricidir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində də artıq 12 sənəd imzalanıb və müxtəlif investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı yeni razılaşmaların əldə olunması gözlənilir. Bu isə forumun yalnız müzakirə platforması olmadığını, real investisiya layihələrinin formalaşmasına və icrasına xidmət etdiyini göstərir.
Ümumilikdə, beynəlxalq investisiya forumunda iştirak edən şirkətlərin sayının artması Azərbaycana və onun investisiya potensialına qlobal marağın yüksəldiyini göstərən mühüm göstəricidir. Bu maraq ölkəmizin enerji və tranzit imkanları ilə yanaşı, qeyri-neft sektorunda, yaşıl enerjidə, logistika, nəqliyyat və digər sahələrdə yaratdığı yeni imkanlarla da bağlıdır.
Əsas məqsəd bu marağı konkret investisiya layihələrinə çevirmək, xarici investorlarla uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıqlar qurmaq və Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsinə nail olmaqdır“.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB